Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Ennio Falsoni bu gün Bakıya gələcək
28.03.2008 - 13:45
Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Ennio Falsoni bu gün Bakıya gələcək
Bakı. Elşən Məmmədov-APA-Sport. Bu gecə Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Ennio Falsoni Bakıya gələcək. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Kikboksinq və Muay Tay Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev məlumat verib. Onun sözlərinə görə, italiyalı qonaq ümumi tanışlıq xarakteri daşıyan səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək. O, martın 30-da Bakı İdman Sarayında keçiriləcək peşəkar kikboksinq gecəsinin açılış mərasiminə də qatılacaq. Həmin gün 62,5, 72,5, 82,5 və 90 kq çəkilərdə Azərbaycan çempionatı keçiriləcək. Həmçinin, həmyerlilərimiz Eduard Məmmədov (60 kq) “İnterkontinental” kəmərinin müdafiəsi uğrunda döyüşdə Oskar Rueza (İspaniya), Hafiz Baxşəliyev (+91 kq) isə Avropa çempionu kəməri uğrunda görüşdə Vitali Vikulovla (Rusiya) qarşılaşacaq. O. Rueza məşqçisi və meneceri ilə birgə Bakıya bu gecə, V. Vikulov isə martın 29-da axşam gələcək. Sabah, qonaqların iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Beynəlxalq Mətbuat Mərkəzində saat 12:00-da başlanacaq jurnalistlərlə görüşə A.Əliyevlə yanaşı, WAKO-nun prezidenti E. Falsoni, peşəkar döyüş iştirakçılarından E. Məmmədov, H. Baxşəliyev və O. Rueza qatılacaqlar.
0