Azərbaycan Avropa çempionatına 5 güləşçi ilə yollanır
31.03.2008 - 15:45
Azərbaycan Avropa çempionatına 5 güləşçi ilə yollanır
Bakı. Elşən Məmmədov-APA-Sport. Sərbəst güləş üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası bu gün Finlandiyanın Tampere şəhərinə yollanacaq. Yığmamız sabah start götürəcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatında qüvvəsini sınayacaq. Baş məşqçi Nazim Əlicanovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, qitə birinciliyində ölkəmiz qadınların mübarizəsində 7 mümkün çəkidən 5-də təmsil olunacaq. Belə ki, 51 kq çəki dərəcəsinin ardından, 54 kq-da da heç bir güləşçimiz yer almayacaq. Səbəb yığmaya yeni cəlb olunan Alyona Komarovanın səfər öncəsi xəstələnməsidir. Bu gün Mərkəzi Klinik Xəstəxanada müayinə olunan A.Komarovanın Tampereyə aparılması məqsədəuyğun sayılmayıb. N.Əlicanov qitə birinciliyində Mariya Stadnik (48 kq), Elvira Mürsəlova (59 kq), Olesya Zamula (63 kq), Mariya Kaçina (67 kq) və Zümrüd Qurbanhacıyevanın (72 kq) xidmətindən yararlanacaq. Güləşçilərimiz mübarizəyə aprelin 3-də başlayacaqlar. Həmin gün E.Mürsəlova və M.Kaçina qüvvələrini sınayacaq. Ertəsi gün isə M.Stadnik, O.Zamula və Z.Qurbanhacıyeva döşək üzərinə çıxacaq.
Qeyd edək ki, ötən il Bakıda keçirilən dünya çempionatında qadın güləşçilərimiz Pekin Olimpiadasına 4 mümkün lisenziyadan 3-ünü əldə edib. Yalnız 72 kq çəkidə Z.Qurbanhacıyevanın Olimpiadaya vəsiqə qazanması lazımdır. Bunun üçün həmyerlimiz çıxış etdiyi çəkidə yeganə lisenziyaya yiyələnməlidir.
0