Valdas Dambrauskas: “Amma bu, kifayət etmədi”
26.11.2026 - 00:47
Valdas Dambrauskas: “Amma bu, kifayət etmədi”

UEFA Çempionlar Liqasının V turunda "Sabah" "Barselona"nı qəbul edib - 1:4.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

- Dünən dediniz ki, "Barselona"nın icazə verdiyi qədər oynayacağıq. Bu gün "Barselona"nın icazə verdiyi oyun idi, yoxsa "Sabah"ın qurduğu oyun?
- Dünən həm də onu dedim ki, biz əlimizdən gələni edəcəyik. Həqiqətən də bunu etdik. Biz daha da qabiliyyətlərimizdən daha çoxunu göstərməyə çalışdıq. Eyni zamanda bəlkə də bu kifayət etmədi. İlk hissəyə yaxşı başladıq, boşluqlar buraxmamağa çalışırdıq. Onların necə paslaşdığını gördünüz, necə sürətli oynadıqlarını. Baxanda gözlərim və boynum ağrayırdı. Müəyyən zamandan sonra başa düşdük ki, boşluqlar yaranır, arxaya gəlməyə çətinlik çəkirik. Daha yaxşı edə bilərdik. Xüsusən də birinci hissədə. Onu da başa düşürəm ki, oyunçularım yerli liqada vertikal oynayırlar, "Barselona" ilə matçda mərkəzdən irəliləmək olmur. Yerli liqadakı oyun tərzimiz başqa cürdür, burada isə sağ və sol cinahlarla oynamaq lazım idi. Bəlkə də istədiyimiz kimi imkanlar yaratmadıq. Standart vəziyyətləri məşq edirik, yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. İkini hissədə "Barselona" yenə özünü göstərdi. Onlar məğlubiyyətdən anidən qalib duruma keçir. Bunun baş verməməsinə çalışırdıq. İkinci hissənin əvvəlində 0:3 uduzurduq. Oyunçularıma hörmət edirəm, onlar mübarizədən qopmadılar, oyun planına sadiq qaldılar, gözəl imkanlarımız oldu. Biz maksimumu etməyə çalışdıq. Amma bu da kifayət etmədi.

- Xəyal Əliyev haqda nə düşünürsüz?
- Çox gözəl performans göstərdi, yaxşı oynadı. İkinci hissədə oynamasını da planlaşdırırdıq. Bu gün hər kəsin 90 dəqiqə oynamaq imkanı olmaya bilərdi. Çox qaçdı, pressinq etdi. Gözəl hücumlar yaratdı, 1-2 epizodda daha yaxşı oynaya bilərdi. Çünki yaxşı imkanları var idi. Azərbaycanın ən yaxşı futbolçularından biridir. Bugünkü oyunu da fantastik idi. Böyük zədədən sonra ilk oyununa çıxdı. Mövsümün sonuna qədər daha da yaxşı olacaq.

- Epizodlar yaratdıqca "Barselona"dan xal almaq düşüncəniz yaranırdı?
- Bəli, biz həmişə inanırıq ki, imkanlarımız var.Meydançaya çıxanda uduzmaq ehtimalını da nəzərə alırıq. Biz əlimizdən gələni etdik, inanırdıq ki, standart vəziyyətlərdən istifadə edə bilərik. Amma pozitiv məqamlar var ki, bunları yerli liqada istifadə edə bilərik. Bunu daha ətraflı şəkildə analiz edəcəyik. 

- Bu matçdan nə qazandınız?
- Çox şey qazanmışıq. Təbii ki, bunu saymaq istəsək, burada səhərə kimi qalmalıyıq. Hazırlıq, mental tərəfləri...Oyuna yaxşı başlamışdıq, birinci hissədə rəqibə imkan vermədik. Hiss etdik ki, biz də nəsə bacarırıq. Buna təkcə fiziki tərəfdən baxmamalıyıq, mental tərəfdən də baxmalıyıq. Mental yorğunluğu yaddan çıxarmalı deyilik. Əsas məsələ necə reaksiya verməyimiz idi.

- Hans Flik sizin komandanızı və sizi çox təriflədi. Bu cür məşqçidən tərif eşitmək sizdə hansı təəssürat yaradır?
- O, çox tərbiyəli və mənəvi cəhətdən yüksəkdir. Sözlərinə görə sağ olsun.

- "Zenit"dən icarəyə götürülən Du Keyruş özünü göstərə bilmir və hər matçda əvəzlənir. Adaptasiya prosesi gec gedir ki, ön plana çıxmır?
- 
İstedadlı oyunçudur. Komandaya uyğunlaşmağa çalışır. Baxmaq lazımdır ki, nə qədər inkişaf edib. Onun üçün bu prosesə uyğunlaşmaq asan deyil. Oyunçularımız çoxdur. Rotasiyalar edirik. Keyruş universal oyunçudur. Bizim üçün də vacib futbolçudur. Daha da təkmilləşəcək və daha da tez adaptasiya olacaq.

- Zedadkanın zədəsi nə dərəcə ciddidir?
- Hələ bilmirəm. Həkimlərlə danışmamışam. Ümidvaram ki, ciddi bir şey yoxdur.