Azərbaycan güləşçisi Mariya Stadnik Avropa çempionatının finalına çıxıb, Zümrüd Qurbanhacıyeva Pekin Olimpiadasına lisenziya şansını itirib - YENİLƏNİR
04.04.2008 - 12:28
Azərbaycan güləşçisi Mariya Stadnik Avropa çempionatının finalına çıxıb, Zümrüd Qurbanhacıyeva Pekin Olimpiadasına lisenziya şansını itirib - YENİLƏNİR
Tampere. Elşən Məmmədov-APA-Sport. Finlandiyanın Tampere şəhərində keçirilən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatında qadın güləşçilərin mübarizəsinə bu gün yekun vurulacaq. “APA-Sport” agentliyinin məlumatına görə, yarışların son günü Azərbaycanın daha 3 pəhləvanı döşək üzərinə çıxıb.

Həmyerlilərimizdən hələ ötən il Bakıdakı dünya çempionatında Pekin Olimpiadasına lisenziyanı təmin etmiş Mariya Stadnik (48 kq) qitə birinciliyində 1/8 final mərhələsindən güləşməyə başlayıb. Onun ilk rəqibi Raluka Kristina Kroytoru (Rumıniya) olub. Görüşü yüksək səviyyədə keçirən M.Stadnik qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. Ukrayna əsilli idmançımızın ikinci rəqibi keçmiş həmyerlisi Aleksandra Koxut olub. Güləşçimiz bu görüşdə də qələbə qazanıb. Yarımfinalda yunanıstanlı Fani Psathanı da yenən M.Stadnik finala çıxıb. Həlledici görüşdə onun rəqibi fransalı Vanessa Bubriem olacaq.

Pekinə digər vəsiqənin sahibi Olesya Zamula (63 kq) uğursuz start götürüb. Belarus əsilli pəhləvanımız 1/8 finalda keçmiş həmyerlisi Olqa Xilkoya məğlub olub. Lakin O.Xilko finaladək irəlilədiyindən, O.Zamula təsəlliverici görüşlərə qatılmaq şansı qazanıb. Onun bürünc medal uğrunda görüşdə ilk rəqibi bolqarıstanlı Elina Vaseva olacaq.

Qadın güləşində ölkəmizin Olimpiadaya lisenziyasının olmadığı 72 kq çəkidəki təmsilçimiz Zümrüd Qurbanhacıyeva ilk görüşünü 1/8 finalda Odre Boxaşvili Prietoya (Fransa) qarşı keçirib. Gərgin keçən qarşılaşmada qələbə qazanan həmyerlimiz növbəti mərhələyə çıxıb. Onun ikinci rəqibi almaniyalı Anita Şaetzl olub. Z.Qurbanhacıyeva bu sınaqdan məğlub ayrılaraq, Olimpiadaya vəsiqə şansını itirib. Belə ki, Almaniyanın 72 kq çəkidə lisenziyası olmadığı üçün həmyerlimiz qarşıdakı Olimpiya Oyunlarına yeganə lisenziyadan məhrum olub. Bundan başqa, Z.Qurbanhacıyeva bürünc medal qazanmaq şansını da itirib. Səbəb A.Şaetzlin sonrakı sınaqda Gözəl Manyurovaya (Rusiya) uduzaraq, finala vəsiqə əldə edə bilməməsidir.
0