Azərbaycan güləşçisi Rövşən Bayramov Avropa çempionatında qızıl medal və Pekin olimpiadasına lisenziya qazanıb - YENİLƏNİB - FOTOSESSIYA
05.04.2008 - 20:43
Azərbaycan güləşçisi Rövşən Bayramov Avropa çempionatında qızıl medal və Pekin olimpiadasına lisenziya qazanıb - YENİLƏNİB - FOTOSESSIYA
55 kq çəki dərəcəsində çıxış edən Rövşən Bayramov ardıcıl ikinci dəfə Avropa çempionu tituluna sahib çıxıb. R. Bayramov ilk görüşdə isveçli Daniel Molinə qalib gəlib. Onun növbəti rəqibi rusiyalı Nazir Mankiyev olub. Güləşçimiz böyük əzmkarlıq sayəsində rəqibini üstələyib. ¼ finalda macarıstanlı Peter Modoşla qarşılaşan həmyerlimiz yenə uğurla çıxış edərək, yarımfinala vəsiqə qazanıb. Bu dəfə isə o, yerli pəhləvan Yani Haapamakini yenib. Nəhayət, finalda R. Bayramov ötən il Bakı keçirilmiş dünya çempionatında ilk görüşdəcə mübarizədən kənarlaşdırdığı Ermənistan idmançısı Roman Amoyanla qarşılaşıb. İlk hissədə uduzmasına baxmayaraq, sonrakı iki periodda rəqibinə heç bir şans verməyən həmyerlimiz qələbə qazanıb. Bununla da R. Bayramov hələ ötən il Bolqarıstanın paytaxtı Sofiyada olduğu kimi, Tamperedə də qitə birinciliyinin qalibi olub. O, həm də 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına 55 kq çəkidə yeganə lisenziyaya sahib çıxıb.
Qalan iki güləşçimiz isə mükafatçılar sırasına düşə bilməyib. 66 kq çəkidə Hüsaməddin Rəcəbov əvvəlcə Mark Boku (Avstriya), 1/8 finalda isə Aleksandr Maksimoviçi (Serbiya) yenib. Lakin o, növbəti qarşılaşmada Ukraynanı təmsil edən erməni Armen Vardanyana uduzub. A. Vardanyan finaladək irəlilədiyindən, H. Rəcəbovun təsəlliverici görüşlərə qatılaraq, bürünc medal qazanmaq şansı yaranıb. Ancaq həmyerlimiz bu şansdan yararlana bilməyib. O, elə ilk təsəlliverici görüşdə Muxran Matçutadzeyə (Gürcüstan) məğlub olaraq, 30 idmançı arasında 7-ci yerlə kifayətlənib.
120 kq çəkidə yarışan Anton Botev isə elə ilk görüşdəcə mübarizəni dayandırıb. Legioner güləşçi türkiyəli Atilla Güzellə görüşdən məğlub ayrılıb. A. Güzəlin finala çıxa bilməməsi isə A. Botevin bürünc medal şansının da üstündən xətt çəkib. Yekun nəticədə pəhləvanımız öz çəkisində 22 iştirakçı arasında 17-ci yeri tutub.









0