Aleksandr Zudov: “Avropa ölkələrinin əksəriyyəti çinli stolüstü tennisçilərin sayəsində uğur qazanır”
07.04.2008 - 13:09
Aleksandr Zudov: “Avropa ölkələrinin əksəriyyəti çinli stolüstü tennisçilərin sayəsində uğur qazanır”
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycan stolüstü tennisçiləri Nəriman Abdullayev və Billurə Eminova Fransanın Nant şəhərində başa çatan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirindən qayıdıblar. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Aleksandr Zudov məlumat verib. A.Zudov qrup mərhələsində keçirdikləri hər üç görüşü uduzaraq, sonuncu yeri tutan idmançılarımızın zəif çıxışına belə aydınlıq gətirib: “Dünya reytinqində Billurə 757-ci, Nəriman isə 1110-cu yerdə qərarlaşıb. Onların bu cür mötəbər yarışda uğurla çıxış edəcəyini gözləmək sadəlövhlük olardı. Amma, fikrimcə, güclü rəqiblərlə qarşılaşmalarda böyük təcrübə topladılar”. Baş məşqçi bildirib ki, hazırda qitə ölkələrinin əksəriyyəti çinli stolüstü tennisçilərin xidmətlərindən yararlanır: “Təsadüfi deyil ki, həm kişi, həm də qadınların yarışında lisenziya qazanan ümumilikdə 22 stolüstü tennisçinin böyük hissəsi çinli idi. Onlar Hollandiya, Türkiyə, Fransa, Polşa, Avstriya, İspaniya, İtaliya və Xorvatiya yığmalarının tərkibində bu vəsiqələrə sahib çıxdılar. Həmin ölkələrin nümayəndələrindən soruşduqda, milliləşdirdiklərini deyirdilər. Biz isə yerli idmançılarımızdan nəticə gözləyirik. Ona görə də uğur qazanmaq üçün çox tezdir”.
0