Azərbaycan güləşçiləri Finlandiyada ərzaq problemi ilə üzləşiblər
07.04.2008 - 15:01
Azərbaycan güləşçiləri Finlandiyada ərzaq problemi ilə üzləşiblər
Bakı. Elşən Məmmədov-APA-Sport. “Avropa çempionatında sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızdan hərəyə iki lisenziya planlaşdırmışdıq. Amma yarış göstərdi ki, pəhləvanlarımızın ümumilikdə, iki lisenziya ilə kifayətlənmələri də böyük uğur sayılmalıdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Güləş Federasiyasında milli komandaların rəisi Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, Finlandiyanın Tampere şəhərində başa çatan Avropa çempionatı güclü rəqabət şəraitində keçib. Hətta 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş ölkələr qitə birinciliyində güclü heyətlə təmsil olunublar: “Yarışda elə ölkələrin idmançıları mükafatçılar sırasına düşə bilmədi ki, heç kim bunu gözləmirdi. Bu baxımdan, iki lisenziya və ümumilikdə 7 medal qazanmağımız uğurlu nəticədir”. Y.Məmmədov yarışın aşağı səviyyədə təşkil olunduğunu da vurğulayıb. O, bildirib ki, Tamperedə yemək, yaşayış və nəqliyyat sarıdan problemlərlə üzləşiblər: “Bütün iştirakçılara eyni adda və kalorisiz yeməklər verilirdi. Federasiyamızın rəhbərliyi problemi kənardan ərzaq almaqla həll etdi. Qaldığımız otaqlar çox darısqal idi. Yarışdan çıxıb otelə gedərkən, nəqliyyat problemi ilə üzləşirdik. Hamı Bakıdakı dünya çempionatı ilə müqayisədə Tamperedəki Avropa çempionatının çox aşağı səviyyədə təşkil olunduğunu bildirirdi. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası kimi ciddi qurumun belə zəif təşkilatçılığa necə yol verdiyini başa düşə bilmirəm”.
0