Azərbaycanın stend atıcısı Zemfira Meftahəddinovanın silahı Çində müsadirə olunub - YENİLƏNİB
08.04.2008 - 10:43
Azərbaycanın stend atıcısı Zemfira Meftahəddinovanın silahı Çində müsadirə olunub - YENİLƏNİB
Yerli gömrük xidməti əməkdaşları səbəb göstərmədən Rusiya təmsilçisi, dünya çempionatının gümüş mükafatçısı Valeri Şominin də silahını əlindən alıblar. Üstəlik, V.Şomindən 500 güllə götürülüb.
İdmançılarla birgə Pekinə səfərə çıxmış Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “APA-Sport” agentliyinə açıqlamasında hadisədən xəbərsiz olduğunu bildirib: “Hazırda mən Milli Olimpiya Komitələri Assosiasiyasının Pekində keçirilən Baş Assambleyasında iştirak edirəm. Zemfira Meftahəddinovanın silahının müsadirə olunmasından xəbərim yoxdur”.
Məsələyə Azərbaycan Gənclər və İdman Nazirliyi də rəsmi münasibət bildirib. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova “APA-Sport” agentliyinə açıqlamasında vurğulayıb ki, anlaşılmazlıq Dünya Kuboku təşkilatçılarının səhvi ucbatından yaranıb: “Adətən, təşkilatçılar silahın nömrəsini gömrük xidməti işçilərinə göndərirlər. Lakin Pekində keçiriləcək Dünya Kubokunun təşkilatçıları silahın nömrəsini gömrükçülərə göndərməyi unudublar. İndi bununla bağlı müvafiq tədbirlər görülür. Silah yarış başlananadək Zemfira Meftahəddinovaya qaytarılacaq”.
Sabah start götürəcək Dünya Kuboku aprelin 21-dək davam edəcək. Maraqlıdır ki, həmin yarışda qüvvəsini sınayacaq digər stend atıcımız Emin Cəfərov sərhəd yoxlaması zamanı heç bir problemlə qarşılaşmayıb. Onu da əlavə edək ki, Z.Meftahəddinovanın silahının dəyəri 7000 min avroya bərabərdir.
0