Gənclər və İdman Nazirliyinin rəsmisi: “Azərbaycanda idman sahəsində ksenofobiya və irqçilik problemi yoxdur”
08.04.2008 - 15:00
Gənclər və İdman Nazirliyinin rəsmisi: “Azərbaycanda idman sahəsində ksenofobiya və irqçilik problemi yoxdur”
APA-nın Avropa bürosunun məlumatına görə, futbol üzrə Avropa Çempionatının yaxınlaşması ilə bağlı “Avropa-Park”da keçirilən tədbirdə idman aləmində irqçiliyin qarşısının alınmasına dair müzakirələrdə sözügedən məsələ ilə məşğul olan ekspertlər, AŞ-yə üzv dövlətlərin müvafiq strukturlarının təmsilçiləri, eləcə də FİFA və UEFA nümayəndələri iştirak edirlər. Azərbaycan tərəfini seminarda Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müşaviri Emin Hacıyev və nazirliyin futbol bölməsi üzrə baş məsləhətçisi Fikrət Hüseynov təmsil edirlər.
Qeyd edək ki, son vaxtlar Avropada, xüsusən də Fransada futbol yarışları zamanı tamaşaçılar tərəfindən bəzi oyunçuların ünvanına nalayiq irqçi ifadələr səslənir. Bu kontekstdə və “Euro-2008” futbol çempionatının yaxınlaşmasını nəzərə alaraq, AŞ-nin baş katibi Terri Devis dünən bəyanat yayıb. T. Devis idmanda ksenofobiya və irqçiliyin yayılmasından təəssüfləndiyini qeyd edərək, bu cür xoşagəlməz hallarla mübarizənin vacibliyini vurğulayıb: “Avropa Şurası və onun tərəfdaşları idmanda irqçiliyin kökündən ləğvinə çalışır”.
Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müşaviri Emin Hacıyev isə bildirib ki, Azərbaycanda bu gün belə bir problem yoxdur: “Azərbaycan idman oyunlarında, xüsusilə də futbol oyunları zamani tamaşaçı davranışı və zorakılığına dair AS-nin Konvensiyasına qoşulub. Bütün üzv ölkələrə konvensiyanın öhdəliklərindən irəli gələn illik sorğu göndərilir. Konvensiya idmanla əlaqəli olduğu uçun Azərbaycanda öhdəliklərin icrasını Gənclər və İdman Nazirliyi həyata keçirir. Nazirlik sorğu əsasında illik milli hesabat hazırlayır. Ümumilikdə, bugünkü seminarda səslənən bir çox problemə Azərbaycanda rast gəlinmir. Azərbaycan öz tolerantlığı ilə seçilən ölkədir, bizdə ümumiyyətlə irqçilik problemi yoxdur. Bundan başqa, bizdə daxili futbol çempionatlarında stadionlara o qədər də çox tamaşaçı gəlmir ki, zorakılıq halları da baş versin”. E. Hacıyev AŞ-nin bu konvensiyasının Azərbaycan üçün çox vacib olduğunu da bildirib: “Çünki Azərbaycan bir neçə mühüm idman yarışlarına ev sahibliyi etmiş ölkədir. Məsələn, ötən il Azərbaycanda güləş və gimnastika üzrə Avropa Çempionatı keçirilib, minlərlə xarici tamaşaçı qəbul etmişik və heç bir problemlə üzləşməmişik”.
0