Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti: “Bizim lisenziya problemimiz yoxdur”
10.04.2008 - 15:06
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti: “Bizim lisenziya problemimiz yoxdur”
“APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev, baş katib Cavid Qurbanov, sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın baş məşqçiləri Maqomedxan Aratsilov, Elçin Cəfərov və Nazim Əlicanov jurnalistlərin suallarını cavablandırıblar. N.Əliyev qitə birinciliyində 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan idmançılarımızın Azərbaycan güləş tarixinə yeni səhifə yazdıqlarını açıqlayıb. Sərbəst güləş millimizin çıxışının böyük sensasiya kimi qəbul olunduğunu bildirən AGF rəsmisinin fikrincə, 96 kq çəkidə rusiyalı Hacımurad Qatsalovla qarşılaşmada legionerimiz Xetaq Qazyumova hakimlər tərəfindən haqsızlıq edilməsəydi, ölkəmiz ümumi komanda hesabında ikinci yeri tutacaqdı. N.Əliyev qadın güləşi üzrə yığmamızın da çox uğurlu çıxış etdiyini vurğulayıb. Yunan-Roma güləşinə gəldikdə, o, əsas heyətin bir neçə üzvünün müxtəlif səbəblərdən qitə birinciliyinə qatıla bilməməsi səbəbindən cəmi bir qızıl medalın əldə olunduğunu söyləyib. Güləşin hər üç növündə uğurlarla yanaşı, obyektiv və subyektiv xarakterli çatışmazlıqların da olduğunu deyən federasiya rəsmisi psixoloji və texniki hazırlıq baxımından hələ də problemlərin qaldığına diqqət çəkib: “Çatışmayan cəhətlərimizdən biri sərbəst güləşçilərimizin finalın bir addımlığında mübarizəni dayandırmasıdır. Həmçinin, texniki çatışmazlıqlar da var. Bəzi idmançılar onlara bəslənən ümidləri doğrultmadılar. Xüsusən, 55 kq-da Abil İbrahimovu qeyd etmək istərdim”. Azərbaycan yığmasında aparılan kütləvi milliləşdirməyə münasibət bildirən N.Əliyev idmanda sərhədin olmadığını və bütün dünyada bu prosesin baş verdiyini açıqlayıb. Onun sözlərinə görə, əcnəbi güləşçilərin ölkəmizə gəlişi Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən diqqətlə əlaqədardır. Bununla belə, AGF-nin I vitse-prezidenti ölkəmizdə böyük ənənələrə malik güləşin inkişafı yönündə müəyyən problemlərin olduğunu gizlətməyib: “Bəli, bu bir həqiqətdir ki, güləşdə müəyyən çətinliklər olub. Məktəblər bərbad vəziyyətdədir, regionlarda güləşin səviyyəsi o qədər də yaxşı deyil. Bu gün yığma komandalarımıza legionerlər yerli güləşçilərin hazırlıq səviyyəsini yüksəltmək üçün cəlb olunur. Regionlarda güləşin səviyyəsini qaldırmaq istiqamətində proqramımız var. Bölgələrdə tikilən Olimpiya Komplekslərində güləşçilərin hazırlığına böyük diqqət yetirəcəyik. Pekin Olimpiadasından sonra yığma komandalarımızın baş məşqçilərini yerlərdə iş aparmaq üçün regionlara göndərəcəyik”. Hələlik 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına qadın güləşində 4 mümkün çəkidə 3, sərbəst və yunan-Roma güləşində isə 7 mümkün çəkidə hərəyə iki lisenziyanın əldə edildiyini bildirən federasiya rəsmisi hər bir növ üzrə qarşıdakı iki Olimpiya təsnifat turnirlərində bütün vəsiqələri əldə edəcəklərini vurğulayıb. Onun sözlərinə görə, federasiyanın lisenziya problemi yoxdur: “Mən bəyan etmək istərdim ki, lisenziyaların hamısı alınacaq. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşində bizim üçün lisenziya almaq problem deyil. Qarşıdakı Olimpiya təsnifat turnirlərində güləşçilərimiz qalan çəkilərdə də Pekinə vəsiqələrə sahib çıxacaqlar. Allahın köməkliyi ilə bütün lisenziyaları götürəcəyik. Bu gün hər bir çəkidə kifayət qədər təcrübəli və bacarıqlı güləşçilərimiz var. Sonuncu Avropa çempionatı bizə belə bir inam verdi”. N.Əliyev, həmçinin güləşçilərimizin qitə birinciliyində olduğu kimi, Pekin Olimpiadasında da yüksək səviyyədə çıxış edəcəklərinə inam ifadə edib.


0