Armen Vardanyan: “Azərbaycanda kifayət qədər güclü güləşçilər var”
11.04.2008 - 18:09
Armen Vardanyan: “Azərbaycanda kifayət qədər güclü güləşçilər var”
Kiyev. Elşən Məmmədov - APA-Sport. “Fərid Mansurovla iki dəfə qarşılaşmışam. Bizim hesabımız 1:1-dir. Çox çətin rəqibdir. Hamı Fəridin imkanlarını yaxşı bilsə də, ondan hər an nə isə gözləmək olar”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ukraynanın yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu Armen Vardanyan deyib. Erməni əsilli pəhləvanın sözlərinə görə, çıxış etdiyi 66 kq çəkidə dünya və Olimpiya çempionu titulunu qazanan Azərbaycanın güləşçisi Fərid Mansurov zədə üzündən 3 ilədək böyük idmandan ayrı qaldıqdan sonra əvvəlki kimi cəld görünür: “Mansurov yenidən güləşə qayıtdıqdan sonra nə zəifləyib, nə də ləngiyib. O, yenə də cəlddir. Üstəlik, daha təcrübəlidir. Onunla qarşılaşmaq maraqlı olardı”. Finlandiyanın Tampere şəhərində başa çatan Avropa çempionatında qızıl medal qazanan A.Vardanyan ¼ finalda güləşçimiz Hüsaməddin Rəcəbovu çətinliklə yendiyini söyləyib. O bildirib ki, F.Mansurovu əvəzləyən H.Rəcəbov da güclü idmançı olub: “Azərbaycanda liderləri əvəzləyə biləcək kifayət qədər güclü pəhləvanlar var”.
0