Avropa çempionatı, III gün. Azərbaycan cüdoçusu gümüş medala layiq görülüb - YENİLƏNİB FOTOSESSİYA
13.04.2008 - 19:57
Avropa çempionatı, III gün. Azərbaycan cüdoçusu gümüş medala layiq görülüb - YENİLƏNİB FOTOSESSİYA
90 kq çəki dərəcəsində çıxış edən E.Məmmədovun çıxışı uğurlu alınıb. O, finlandiyalı Samuel Maki ilə görüşün əvvəllərində koka fəndi işlədib. Növbəti dəqiqələrdə bu üstünlüyü qoruyan həmvətənimiz 1/4 finala yüksəlib. Bu mərhələdə isə yığmamızın üzvü çətinlik çəkmədən Andrey Kazusionak (Belarus) üzərində "təmiz qələbə" qazanaraq, yarımfinala adlayıb. Finala vəsiqə uğrunda görüşdə E.Məmmədov gürcüstanlı dünya çempionu İrakli Tsirekidze ilə qarşılaşıb. Məğlub duruma düşməsinə baxmayaraq, cüdoçumuz vazari fəndi sayəsində qalib gəlib. Avropa çempionatının finalında isə Mark Huzinqa (Hollandiya) ilə güləşib. Ancaq bu dəfə 26 yaşlı idmançımız tatamidən məğlub ayrılıb. Qitə birinciliyinin gümüş medal, 1500 avro pul mükafatı və Pekin olimpiadasına lisenziya qazanan E.Məmmədov karyerasında ən böyük uğura imza atıb.
Yerli idmançı Joao Taveyranı sınağa çəkən Mövlud Mirəliyev (100 kq) isə etimadları doğrultmayıb. Əvvəlcə koka fəndinə düşən dünya çempionatının gümüş mükafatçısı tezlklə yuka xalı qazanıb. Lakin sona 24 saniyə qalmış ona xəbərdarlıq (şido) edildiyindən hesab bərabərləşib. Bundan sonra hücuma atılan M.Mirəliyev daha bir koka fəndində ilişib. Daha sonra J.Taveyra da məğlubiyyətlə üzləşib. Rəqibi yarımfinala yüksələ bilmədiyindən M.Mirəliyev üçün çempionat vaxtından qabaq başa çatıb. Hər halda, o, Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Kifayət Qasımova bürünc medala sahib çıxmışdı. Yarışda mübarizə aparan 7 təmsilçimizdən 6-si Pekin olimpiadasında iştirak hüququna yiyələnib.





























0