Ağacan Abıyev: “Elçin Əlizadənin problemdən danışmağa haqqı yoxdur”
14.04.2008 - 11:23
Ağacan Abıyev: “Elçin Əlizadənin problemdən danışmağa haqqı yoxdur”
- Milli komandamızın Yunanıstanın paytaxtı Afinada keçirilən lisenziya xarakterli beynəlxalq turnirdə çıxışına münasibətinizi eşitmək istərdik.
- Münasibət bildiriləsi bir şey var ki? Hər şey göz önündədir. Boksçular həddən artıq zəif çıxış etdilər. Bu, sonuncu şans olsa da, onlardan heç biri lisenziya qazana bilmədi. Halbuki, boksçulara hər cür şərait yaradılmışdı.
- Elə isə fiaskonun səbəbini nədə görürsünüz?
- Boksçularda əsl döyüşçü əzmkarlığı çatışmır. İlk raundda rəqiblərini üstələsələr də, son iki raundda həmin tempdə döyüşmürlər. Mən onlarda qələbəyə həvəs görmədim.
- Bəlkə problem Məmməd Eyvazovun əvəzinə baş məşqçi postuna təyin edilən Nəriman Abdullayevlə bağlıdır?
- Qətiyyən belə deyil. Nəriman müəllim cəmi üç aydır komandada işləyir. Bu müddət ərzində onun ciddi dəyişiklik etməsi mümkün deyildi. Məmməd Eyvazov millini 2000-ci ildə götürsə də, iki il nəticə olmadı. Biz ona toxunmadıq. Ona görə də sonrakı illərdə nəticə qazandı. Amma ötən il Çikaqoda 10 boksçumuz lisenziya qazana bilmədi və bunun nəticəsi kimi də Eyvazovu istefaya göndərdik. Abdullayev də turnirlərə həmin komandanı hazırlayıb. Bir-iki əlavəni nəzərə almasaq.
- Nəriman Abdullayev Afinada istefaya getdiyini açıqlayıb...
- O, postunda qalıb işini davam etdirəcək. Uğursuzluğu üç aydır təyinat alan məşqçi ilə bağlamaq düzgün deyil. Boksçular da Nəriman müəllimin rəhbərliyi altında həvəslə hazırlaşıblar və ondan narazılıqları olmayıb. Abdullayev komandada lazımi nizam-intizam yaradıb. Hazırlıq prosesi nəzərdə tutulan qaydada keçirilib. Sadəcə, əvvəl dediyim kimi boksçular etimadı doğrultmadılar. Görünür, bacardıqları odur.
- Afina Olimpiadasında ölkəmizi 9 boksçu təmsil etmişdi. Pekinə isə cəmi iki idmançı gedəcək. Bunun məsuliyyəti kimdədir?
- Həmin vaxt milli komandada 9 kişi var idi. Söhbət döyüşkənlik xarakterinə malik insanlardan gedir. Təəssüf ki, Əli İsmayılov, Fuad Aslanov, Rövşən Hüseynov kimi təcrübəli boksçuların layiqli əvəzediciləri yoxdur. Bu gün heyətdə yer alanların əksəriyyəti cavan uşaqlardır. Ona görə də Pekində ölkəmizi yalnız Samir Məmmədovla Şahin İmranov təmsil edəcək. Reallıq bundan ibarətdir.
- Yekun nəticə göz önündədir. Belə olan halda yəqin ki, milli komandanın heyətində dəyişiklik ediləcək...
- Bu məsələni indi gündəmə gətirmək lazım deyil. Pekin Olimpiadasından sonra bu haqda ətraflı danışarıq.
- Afinada keçirilən turnirdə milli komandanın üzvü Elçin Əlizadə problemlərdən şikayətlənib. Bu, doğrudanmı belədir?
- Uduzan səhvi ilk növbədə özündə axtarmalıdır. Elçin komandanın liderlərindən sayılır. Püşk də onun üçün münasib idi. Çernoqoriyalı boksçuya qalib gələcəyi təqdirdə lisenziya qazanacaqdı. Döyüşdən əvvəl də şəxsən özüm onu ruhlandırdım. Əvəzində nə qədər mükafat alacağını soruşdu. Mən də cavabında “sən çıx lisenziya qazan, hər şey olacaq” dedim. Peşəkar boksçu döyüşdən əvvəl heç vaxt belə söhbət etməz. Nəticədə çernoqoriyalı boksçuya asanlıqla məğlub oldu. Ümumiyyətlə, Elçinin problemdən danışmağa haqqı yoxdur. Komandada ən çox maaş alanlardan biri də odur. Hər ay 700 dollar mükafat alır. Məşq etdiyi “Sədərək” klubundan aylıq qazancı isə 300 dollardır. Ölkəmizdə professor 200-300 dollara işləyir. Əlizadə hansı problemdən danışa bilər? Qazandıqlarını havaya sovurursa, bu onun problemidir.
- Yarışdan sonra milli komandada əhval-ruhiyyə necə idi?
- Uğursuzluq mənim və məşqçilər heyətinin əhvalını pozmuşdu. Amma Elçin Əlizadə başda olmaqla, bəzi boksçular deyib-gülürdülər. Dedim ayıbdır, utanın yerə girin. Rinqə çıxıb biabır olmaları bəs deyil, hələ bir şənlənirlər də.
0