Azərbaycan - İspaniya oyunu ilə bağlı yaranan narazılıqlar sabah Kazanda müzakirə olunacaq
25.04.2008 - 15:55
Azərbaycan - İspaniya oyunu ilə bağlı yaranan narazılıqlar sabah Kazanda müzakirə olunacaq
Bakı. Aqşin Əliyev - APA-Sport. Qadınlardan ibarət otüstü hokkey üzrə Azərbaycan milli komandasının Bakıda keçirilmiş lisenziya xarakterli beynəlxalq turnirin finalında İspaniya ilə oyunu zamanı yaranmış mübahisəli epizodlar sabah Rusiyanın Kazan şəhərində müzakirə ediləcək. Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan Otüstü Hokkey Federasiyasının (AzHF) vitse-prezidenti Namiq Əliyev məlumat verib. AzHF rəsmisi Kazanda təşkil olunan turnir çərçivəsində Beynəlxalq Otüstü Hokkey Federasiyasının prezidenti Els van Breda Vraysmanla görüşəcək. Final matçının hakimlərini qeyri-obyektivlikdə suçlandıran N.Əliyev bildirib ki, oyunun nəticəsinin ləğv ediləcəyinə inam azdır: “Həqiqətən də, qarşılaşmanın nəticəsinin ləğv olunacağı bir qədər mürəkkəb prosesdir. Biz beynəlxalq federasiya rəhbərliyinin ədalətli qərar çıxaracağına ümidvarıq. Heç olmasa, hakimləri cəzalandırmaq mümkündür”. Vitse-prezident Azərbaycan – İspaniya matçındakı mübahisəli epizodların videogörüntülərini E.Vraysmana təqdim edəcək.
Qeyd edək ki, milli komandamız finalda İspaniyaya 2:3 hesabı ilə uduzduğundan Pekin olimpiadasına lisenziya qazana bilməyib.
0