Camal Rəhimov indiyədək Yay Olimpiya Oyunlarına 20 yaşında lisenziya qazanan üçüncü çapar olub
28.04.2008 - 15:35
Camal Rəhimov indiyədək Yay Olimpiya Oyunlarına 20 yaşında lisenziya qazanan üçüncü çapar olub
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycan çaparı Camal Rəhimov 18 aylıq lisenziya marafonunu qələbə ilə başa vurub. “APA-Sport” agentliyinin Atçılıq İdmanı Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, 20 yaşlı idmançımız Türkiyənin İstanbul şəhərində keçirilən “4 ulduzlu” beynəlxalq turnirdə uğurlu çıxış edib. C.Rəhimov yarışın birinci günündə “İonesko De Rebekka” ləqəbli atla 5 lisenziya xalı qazanıb. Həmyerlimizin növbəti gündə “Hollivud” və “Aramis” ləqəbli atlarla qazancı isə üçüncü yer və 70 lisenziya xalı olub. Çaparımız yarışın sonuncu günündə “Aramis”lə birinci yeri tutub və 100 xal əldə edib. C.Rəhimov uğurlu çıxış sayəsində 28 ölkədən 220 çaparın yer aldığı C qrupunda 779 xalla ikinci olub və Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Belçikada yaşayan və təhsil alan həmyerlimiz, həmçinin indiyədək olimpiadaya 20 yaşında lisenziya qazanan üçüncü, Azərbaycan Atçılıq İdmanı tarixində isə birinci idmançı olub.
0