Ağayar Axundzadə: “Avropa ölkələri, eləcə də Yaponiya və Braziliya Azərbaycan cüdo məktəbinin texnikasını öyrənmək istəyirlər”
30.05.2008 - 13:42
Ağayar Axundzadə: “Avropa ölkələri, eləcə də Yaponiya və Braziliya Azərbaycan cüdo məktəbinin texnikasını öyrənmək istəyirlər”
Bakı. Aqşin Əliyev - APA-Sport. “Afina Olimpiadasında hakimlərin ədalətsizliyi ilə üzləşdik. Necə deyərlər, hakimlər medalları əlimizdən aldılar. Azərbaycan idman ictimaiyyətinin Pekin Yay Olimpiya Oyunlarında bizdən medal gözlədiyini bilirik. Bu dəfə dünyanın ən mötəbər yarışında medal qazanmaq əzmindəyik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi ilə görüşdə milli komandanın baş məşqçisi Ağayar Axundzadə deyib. Çalışdırıcı bildirib ki, 2007-ci ilin yekunlarına həsr olunmuş tədbirin gec keçirilməsinin obyektiv səbəbləri var: “Bu il təqvim çox gərgin idi. Müxtəlif turnirlər arasındakı fasilə cəmi 2-3 gün olurdu. Buna görə də ilin yekunlarına dair tədbiri vaxtında keçirə bilmədik”. Yığmaya seçim aparılarkən heç kimə qarşı haqsızlıq edilmədiyini söyləyən A.Axundzadə legionerlərin xidmətindən istifadə olunmadığını nəzərə çatdırıb: “Təsnifat turnirlərində ümumilikdə 18-20 cüdoçu qüvvəsini sınayıb. Son yarışlara isə 7-8 idmançı aparırdıq. Beynəlxalq turnirlərdə iştirak zamanı heç kimə qarşı haqsızlıq olmayıb. Özü də sevindirici haldır ki, milli komandada əcnəbi cüdoçular yer almayıblar. Lisenziya xarakterli yarışlarda öz daxili imkanlarımız sayəsində uğura imza atmışıq”. Baş məşqçi ölkəmizdə cüdonun coğrafiyasının genişləndiyini, hazırda yığmada təkcə Bakının deyil, Gəncə, Sumqayıt, Zaqatala və digər rayonların da təmsilçilərinin olduğunu vurğulayıb. A.Axundzadə artıq bir sıra xarici ölkələrin Azərbaycana gəlməkdə maraqlı olduqlarını deyib: “Avropa ölkələri, eləcə də Yaponiya bura səfər etmək istəyir. Hətta ötən həftə Moskvada keçirilən Dünya Kubokunda Braziliya yığmasının məşqçiləri ölkəmizə gələrək, Azərbaycan cüdo məktəbinin texnikasını öyrənmək istədiklərini bildirdilər”. Milli komandanın hazırlıq planına da toxunan baş məşqçi Fransaya səfər edəcəklərini söyləyib: “Yığmanın bazası sayılan “Atilla” klubunun yüksək səviyyədə təmir edilməsinə görə, federasiya rəhbərliyinə təşəkkürümü çatdırıram. Pekin Olimpiadasınadək 3 təlim-məşq toplanışı keçəcəyik. İlk hazırlıq mərhələsi iyunun 2-də Fransada başlanacaq. Ardından Rusiyanın Kislovodsk şəhərində ümumi fiziki hazırlıq üzrə təlim-məşq olacaq. Hazırlıq prosesinin son mərhələsini isə Bakıda keçərək, iyulun 30-da Pekinə yollanacağıq”.
0