Azərbaycan boks yığmasının kapitanı Şahin İmranov reytinq siyahısında geriləyib
03.06.2008 - 09:44
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) yeni reytinq cədvəlini hazırlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 11 çəki dərəcəsi üzrə açıqlanan siyahıya 20 ən güclü dəri əlcək ustasının adı daxil edilib. Azərbaycan milli komandasının üzvləri cəmi beş çəkidə təmsil olunublar. Afina Olimpiadasının bürünc mükafatçısı, karyerasını başa vuran Fuad Aslanov (51 kq) iki pillə geriləyib və 15-ci yeri tutub. Pekin Olimpiadasına lisenziya qazanan Samir Məmmədov təmsilçilərimiz arasında ən yüksək göstəriciyə malikdir. Bir neçə gün öncə Tayvanda keçirilən beynəlxalq turnirin qalibi olan həmyerlimiz 54 kq çəki dərəcəsində 4-cü pillədəki mövqeyini qoruyub. Bu çəkidə yeganə dünya çempionumuz Ağası Məmmədov da ötən ay olduğu kimi 16-cıdır. Olimpiadada iştirakını təmin edən sonuncu təmsilçimiz Şahin İmranov iki pillə geriləyib. Milli komandanın kapitanı yenilənmiş siyahıda 12-ci sırada qərarlaşıb. İki pillə geriləyən Rahib Bəylərov (75 kq) 20-ci olub. Siyahıdakı sonuncu təmsilçimiz Elçin Əlizadə (91 kq) isə bir pillə geriləməklə 9-cu yeri tutub. Boksçularımız 48, 60, 64, 69, 81 və +91 kq çəki dərəcələrində yer almayıblar.
- Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır
0
0