17 gün Pekində: kimdən medal gözləyək? - TƏHLİL
08.08.2008 - 12:28
17 gün Pekində: kimdən medal gözləyək? - TƏHLİL
Müstəqillik tarixində dördüncü dəfə Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan yığmasının tərkibində Pekində 44 idmançı qüvvəsini sınayacaq. Bu, ölkəmiz üçün rekord göstəricidir. Əvvəlki 3 Olimpiadaya nəzər yetirsək, Atlantada (1996) 23, Sidneydə (2000) 31, Afinada (38) 38 idmançımızın çıxış etdiyini görərik.
Olimpiya yığmamızın heyətində ən çox idmançı – 16 nəfər güləş növlərində yer alıb. Onlardan Namiq Sevdimov (55 kq), Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) sərbəst, Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq), Fərid Mansurov (66 kq), İlqar Abdulov (74 kq), Şalva Qadabadze (84 kq) və Anton Botev (120 kq) yunan-Roma, Mariya Stadnik (48 kq), Yelena Komarova (55 kq) və Olesya Zamula (63 kq) isə qadın güləşi növlərində mübarizə aparacaqlar. Yalnız 2 çəki dərəcəsində – yunan-Roma güləşində 96 kq, qadın güləşində isə 72 kq-da ölkəmiz təmsil olunmayacaq. Güləşçilərimiz əvvəlki Olimpiadaların hər üçündə fərqləniblər. Belə ki, sərbəst güləşçimiz Namiq Abdullayev Sidneydə qızıl, Atlantada gümüş, yunan-Roma güləşçimiz Fərid Mansurov Afinada qızıl medal qazanıb. N.Abdullayevdən fərqli, F.Mansurov Pekində də döşək üzərinə çıxacaq. Mütəxəssislər onun ardıcıl ikinci dəfə Olimpiya çempionu olacağına böyük ümid bəsləyirlər. Ötən il Bakıda keçirilmiş dünya çempionatında güləş yığmamızın heyətində məhz onun yeganə qızıl medalı qazanması lazımi formada olduğunu təsdiqləyib. Bu ilki Avropa çempionatına aparılmayan F.Mansurov nüfuzlu yarışlarda yalnız “Qızıl Qran Pri” turnirinin ikinci və final mərhələlərində qüvvəsini sınayıb. Lakin 26 yaşlı idmançımızın hər iki turnirin həlledici görüşündə 2006-cı ilin Avropa çempionu, macarıstanlı Tamaş Lorinsə uduzması yığmamızın baş məşqçisi Elçin Cəfərovda müəyyən narahatçılıq yaradıb. Hər halda, E.Cəfərov üçün qalan müddətdə F.Mansurovun taktiki səhvlərini aradan qaldırmaq problem olmamalıdır. Yunan-Roma güləşçilərimiz arasında ikiqat Avropa çempionu Rövşən Bayramovun da ən azı mükafatçılar sırasına düşmə ehtimalları yüksək dəyərləndirilir. Ötənilki dünya çempionatında ¼ finaladək irəliləməyi bacaran 21 yaşlı pəhləvanımızın qarşısını əvvəlcə cənubi koreyalı Eun-Çol Park, təsəlliverici görüşdə isə rusiyalı Nazir Mankiyev kəsmişdi. Nəticədə 10-cu yeri tutan R.Bayramov həmin yarışda Pekin Olimpiadasına lisenziya qazana bilməmişdi. Yalnız bu il Finlandiyanın Tampere şəhərində təşkil olunmuş Avropa çempionatında pəhləvanımız qızıl medal qazanaraq, Pekinə vəsiqəyə sahib çıxa bilib. Onun məğlub etdikləri arasında məhz N.Mankiyevin də olması R.Bayramovun dünya çempionatı ilə müqayisədə daha yaxşı nəticə göstərəcəyinə inanmaq üçün əsas verir. Tam heyətlə Olimpiadaya yollanan sərbəst güləşçilərimizdən 5-i rusiyalı legionerlərdən ibarətdir, onlardan yalnız 2-si milliyyətcə azərbaycanlıdır. Yığmamızın dağıstanlı baş məşqçisi Maqomedxan Aratsilov daha çox son dünya çempionatında 3-cü yeri tutan həmyerlisi Çamsulvara Çamsulvarayevə (74 kq) güvənir. Ç.Çamsulvarayev builki Avropa çempionatında da bürünc medalla kifayətlənib. M.Aratsilov daha iki idmançımız – Novruz Temrezov və Xetaq Qazyumovdan da medal gözləyir. N.Temrezovla X.Qazyumov da son qitə birinciliyində bürünc medala sahib çıxıblar. Baş məşqçi hər üç güləşçimizin qızıl medallar uğrunda mübarizə aparacağını desə də, şəriksiz favorit kimi göstərilən Rusiya pəhləvanlarını qabaqlamaq həqiqətən böyük qəhrəmanlıq kimi dəyərləndirilə bilər.
Qadın güləşçilərimiz arasında isə yalnız Mariya Stadnikin medal şansı yüksəkdir. Ukrayna əsilli pəhləvan bu il Avropa çempionu tituluna yiyələnsə də, onun ötənilki dünya çempionatında uduzduğu Çiharo İno (Yaponiya) və Stefani Muratanın Asiya və Amerika qitələrindən olduqlarını unutmamalıyıq. Üstəlik, M.Stadnikin rəqibləri arasında həmyerlisi, Afina Olimpiadasının qalibi, 3 qat dünya çempionu İrina Merleninin də olacağını nəzərə almaq lazımdır. Güləşçimiz bu il Avropa çempionu olarkən, İ.Merleni yarışa qatılmamışdı.
Ölkəmizin daha çox idmançı ilə təmsil olunacağı növbəti növ bədii gimnastikadır. Bu növdə fərdi mübarizəyə Dinarə Gimatova və bu il Bakıda keçirilmiş Avropa çempionatında iplə hərəkətlərdə birinci yeri tutmuş Aliyə Qarayeva qatılacaq. D.Gimatova Afina Olimpiadasına da lisenziya qazansa da, zədə səbəbindən Yunanıstan paytaxtına yollana bilməmişdi. Onu əvəzləyən Anna Qurbanova zəif nəticə göstərmişdi. Pekin Olimpiadasına lisenziyanı isə hər iki gimnastımız məhz qədim Ellada diyarında – ötən il Patra şəhərində baş tutmuş dünya çempionatında komanda hesabında üçüncü yeri tutmaqla əldə ediblər. Həmin yarışda qrup hərəkətləri üzrə yığma komandamız 10-cu yeri tutaraq, tarixində ilk dəfə Olimpiadada iştirak hüququna yiyələnib. 5 əsas və 1 ehtiyat gimnastdan ibarət komandamızın tərkibi Vəfa Hüseynova, Alina Tryopina, Anna Bitiyeva, Anastasiya Prosolova, Valeriya Yeqay və Dina Qorinadan ibarətdir. Fərdi növlərdə gimnastlarımızın əsas rəqibləri Rusiya və Ukrayna təmsilçiləri olacaq. Burada medallar çoxnövçülük – ip, gürz, halqa və lentlə hərəkətin cəmində üstün olanlara verildiyindən, idmançılarımızın yekun nəticədə mükafatçılar sırasına düşməsi xeyli çətindir. Qrup hərəkətlərində isə komandamız dünya çempionatı ilə müqayisədə daha üstün nəticə göstərməyə çalışacaq.
Cüdo yığmamız Pekində güləş və bədii gimnastika ilə müqayisədə daha az - 6 nəfərlə mübarizə aparacaq. Sidney və Afina Olimpiadalarında mükafatçılar sırasına düşməyə çox yaxın olan baş məşqçi Ağayar Axundzadənin yetirmələri bu dəfə “tilsimi qırmağ”a daha iddialıdır. Ötənilki dünya çempionatında Elnur Məmmədlinin (73 kq), builki Avropa çempionatında Elxan Məmmədovun (90 kq) gümüş, Kifayət Qasımovanın (57 kq) isə bürünc medal qazanması komandamızın ən azı bir Olimpiya medalına sahib çıxma şanslarını artırıb. Xüsusən, E.Məmmədlinin son yarışlarda sabit çıxışı ondan Olimpiya medalı gözləməyə əsas verir. Belə ki, 20 yaşlı cüdoçumuz 2006-cı il Avropa çempionatında, ötən il Dünya Kubokunun, bu il isə Super kateqoriyalı Dünya Kubokunun mərhələ yarışlarında qızıl medal qazanıb. Daha 3 cüdoçumuza gəldikdə, Ramil Qasımovdan (66 kq) fərqli, Mehman Əzizov (81 kq) və Mövlud Mirəliyev (100 kq) dalbadal ikinci dəfə Olimpiadaya yollanacaqlar. Həm M.Əzizov, həm də M.Mirəliyev Afina Olimpiadasında 5-ci yeri tutublar. Ümumiyyətlə, 1992-ci il Barselona Olimpiadasında MDB yığmasının heyətində Nazim Hüseynovun qızıl medal qazanmasından sonrakı 3 ən mötəbər yarışda heç bir cüdoçumuz mükafatçılar sırasına düşə bilməyib. Bu dəfə də cüdoçularımız medalsız qayıdarsa, düz 20 ildir ki, yığmamızın baş məşqçisi olan A.Axundzadənin postu ilə vidalaşma təhlükəsi yaranacaq.
Ağır atletika yığmamızın tərkibində yer alan 5 nəfərdən Turan Mirzəyev (69 kq) Sidney və Afina Olimpiadalarına qatılıb. 29 yaşlı idmançımız Sidneydə 4-cü, Afinada isə 9-cu yeri tutub. İkiqat dünya çempionu Nizami Paşayev (94 kq) isə yalnız Afina Olimpiadasında körpücük üzərinə qalxıb. Amma 27 yaşlı idmançımız növbəti cəhddə ağırlıq qaldırarkən, uğursuzluğa düçar olub və nəticədə heç bir yer tuta bilməyib. Digər ağırlıqqaldıranlarımız – Sərdar Həsənov (62 kq), Əfqan Bayramov (69 kq) və İntiqam Zairov (85 kq) ilk dəfə Olimpiya Oyunları həyəcanını yaşayacaq. 5 atletimizdən daha çox N.Paşayev medallara iddialılar sırasında göstərilir. 2006-cı il Avropa çempionatı zamanı götürülmüş dopinq-test nəticəsində qanından istifadəsi qadağan olunmuş maddə tapılan ağırlıqqaldıranımız 2 illik cəzasını yenicə başa vurub. Olimpiada öncəsi yalnız Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) Kubokunda qüvvəsini sınamış N.Paşayev yeni rekord müəyyənləşdirib. Bu isə idmançımızın Olimpiya Oyunlarında yüksək yerlərə iddia edəcəyindən xəbər verir. Ümumiyyətlə, AAF rəhbərliyi son Avropa və dünya çempionatlarında idmançılarımızın fərdi nəticələrinin yüksək olmasına o qədər də meyl göstərməyib. Bunu ağır atletika növündə yüksək nəticələr verən idmançıların çoxunun dopinq-testlərin müsbət nəticələnməsi ilə əsaslandırıblar. Bəlkə də federasiya rəsmiləri əsas diqqəti Olimpiadaya yönəltdikləri üçün dünya və qitə birinciliklərində yüksək nəticəyə can atmayıblar.
Afina Olimpiadasında 9 nəfərin yer aldığı boks yığmamız 2 bürünc medala sahib çıxmışdı. Amma Pekinə cəmi 2 dəri əlcək ustası yollanıb. Onlardan Şahin İmranov (57 kq) dalbadal ikinci dəfə Olimpiya Oyunlarında qüvvəsini sınayacaq. Afinada ¼ finaladək irəliləmiş Ş.İmranov rusiyalı boksçu Aleksey Tişenko ilə döyüş vaxtı qaşının partlaması səbəbindən mübarizəni dayandırmalı olmuşdu. 2006-cı il Avropa çempionatında gümüş medaldan başqa ciddi uğuru olmayan 28 yaşlı boksçumuzun Pekində medal qazanacağına ümid azdır. Əvəzində Samir Məmmədovun (51 kq) şansları daha yüksək qiymətləndirilir. Cəmi 20 yaşının olmasına baxmayaraq, S.Məmmədov ötənilki dünya çempionatında bürünc, 2006-cı il Avropa çempionatında isə gümüş medala sahib çıxıb. Üstəlik, Olimpiada öncəsi Tailandda keçirilmiş turnirdə uğurla çıxış edərək, finalda yerli boksçu, Afina Olimpiadasının gümüş mükafatçısı Vorapey Petçkumu məğlubiyyətə uğradıb.
Atletikada da iki təmsilçimiz var. Ruslan Abbasov 100 metr, Ramil Quliyev isə 200 metr məsafələrə qaçışda qüvvələrini sınayacaqlar. Lakin hamıya aydındır ki, Olimpiadaya güzəştli kartla vəsiqə qazanmış üzgüçülərimiz Tural Abbasov (50 metr, sərbəst üsul) və Oksana Hətəmxanova (100 metr, brass) kimi, atletlərimiz də sonuncular sırasında olmamaq üçün mübarizə aparacaqlar. Hərçənd, R.Quliyev ötən il gənclər arasında dünya çempionatının gümüş medalını qazanıb. Amma böyüklər arasında da uğurla çıxış etmək heç də asan deyil.
Pekində çıxış edəcək yeganə taekvondoçumuz Rəşad Əhmədova (80 kq) isə medal ümidi kimi baxılır. Afina Olimpiadasında 4-cü yeri tutmuş 26 yaşlı idmançımız bu dəfə ən azı bürünc medal qazanmağa iddialıdır. Olimpiya lisenziyalı turnirlərin ikincisində – İstanbulda keçirilən Avropa seçmə mərhələsində Pekinə vəsiqə qazanmış R.Əhmədovun potensial rəqibləri qismində ABŞ təmsilçisi, 2000 və 2004-cü il Olimpiya Oyunlarının qalibi Stiven Lopeslə Afina Olimpiadasının gümüş mükafatçısı, türkiyəli Bəhri Tanruqulunun adlarını çəkmək olar. Taekvondoçumuzun Afinada uduzduqları arasında məhz B.Tanrıqulu da vardı. R.Əhmədov türkiyəli taekvondoçu ilə bu il İstanbulda keçirilən Olimpiya lisenziyalı turnirin finalında da qarşılaşmalı olsa da, Pekinə vəsiqəni təmin etdiyi üçün döyüşə çıxmaqdan imtina edib.
Olimpiya yığmamızın üzvlərindən ardıcıl üçüncü dəfə Olimpiadada çıxış edəcək yeganə idmançımız stend atıcısı Zemfira Meftahəddinovadır. Z.Meftahəddinova Sidneydən qızıl, Afinadan isə bürünc medalla qayıdıb. 45 yaşlı stend atıcımız Sidney Olimpiadası kimi, Pekinə də güzəştli kartla vəsiqə qazanıb. Afina Olimpiadasından sonra nüfuzlu yarışlarda ciddi uğuru olmasa da, idmançımıza yenə potensial Olimpiya mükafatçısı kimi baxılır.
Ölkəmiz Olimpiadalar tarixində ilk dəfə atçılıq növündə təmsil olunacaq. Çaparımız Camal Rəhimov maneələri dəf etmə yarışında qüvvəsini sınayacaq. Olduqca bahalı növdə çıxış etməsinə baxmayaraq, 20 yaşlı idmançımıza Gənclər və İdman Nazirliyi ilə yanaşı, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən böyük dəstək verilib. Təsadüfi deyil ki, ARDNŞ C.Rəhimova bir müddət öncə 1 milyon 970 min avroya yeni at alıb. Amma gənc idmançımızın təcrübəli rəqibləri ilə mübarizədə mükafatçılar sırasına düşəcəyi o qədər də real görünmür.
Beləliklə, Pekin Olimpiadasında mükafatçılar sırasına düşməyə əsas namizədlər qismində 12 idmançımız - Fərid Mansurov, Rövşən Bayramov (hər ikisi yunan-Roma güləşi), Çamsulvara Çamsulvarayev, Novruz Temrezov, Xetaq Qazyumov (hər üçü sərbəst güləş), Mariya Stadnik (qadın güləşi), Aliyə Qarayeva (bədii gimnastika), Elnur Məmmədli (cüdo), Nizami Paşayev (ağır atletika), Samir Məmmədov (boks), Rəşad Əhmədov (taekvondo) və Zemfira Meftahəddinova (stend atıcılığı) göstərilir. Amma bu qədər təmsilçimizin hamısının vətənə medallarla qayıtması heç də asan deyil. Olimpiada öncəsi dünya çempionatlarında cəmi 4 təmsilçimiz medal qazana bilib. Belə ki, Fərid Mansurov qızıl, Elnur Məmmədli gümüş, Çamsulvara Çamsulvarayevlə Samir Məmmədov isə bürünc medallara sahib çıxıblar. Olimpiadada olduğu kimi, dünya çempionatında da planetin aparıcı idmançılarının əksəriyyəti çıxış edirlər. Amma dünya çempionatlarında medalların sayının azlığına əsaslanaraq, idmançılarımızın Olimpiadada da analoji nəticəni göstərəcəyini iddia etmək çətindir. Sadəcə, idmançılarımızın Sidney Olimpiadasında qeydə alınan iki qızıl medal həddini keçməsi o qədər də inandırıcı görünmür. Gümüş medallar finala uduzanlara verildiyindən, həlledici qarşılaşmalara vəsiqə qazanan idmançılarımızdan ilk növbədə, yüksək psixoloji hazırlıq tələb olunur. Əvvəlki Olimpiadalardan fərqli, bu dəfə yığmamız təcrübəli psixoloqlarla təmin olunub. Ona görə də finalçılarımızın qızıl medala yiyələnmək şansları daha böyük olacaq. Yəni gümüş medalların sayının “qızıl”la müqayisədə çox olması real deyil. Əvəzində bürünc medala daha çox idmançımız sahib çıxa bilər. Bunu boks, güləş, cüdo kimi növlərdə iki bürünc medalın verilməsi ilə əlaqələndirmək olar.
Qeyd edək ki, indiyədək Azərbaycan yığması ən yüksək nəticəni Sidney Olimpiadasında göstərib. Həmin vaxt ölkəmiz 2 qızıl, 1 bürünc medalla 199 ölkə arasında 34-cü yeri tutub. Afina Olimpiadasından idmançılarımız daha çox – 1 qızıl, 4 bürünc medalla qayıdıblar. Lakin medalların əyarının daha aşağı olması səbəbindən, Azərbaycan 50-ci pillədə qərarlaşıb.
0