Ağacan Abıyev: Yalvarsalar, yenidən federasiya prezidenti olaram
29.11.2008 - 12:21
Ağacan Abıyev: Yalvarsalar, yenidən federasiya prezidenti olaram
Dekabrın sonlarında Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu haqda ABF-nin prezidenti Ağacan Abıyev bildirib ki, toplantıda qurumun rəhbər orqanları seçiləcək və növbəti 4 il üçün əsas fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. O, yenidən ABF prezidentliyinə namizədliyini verməyəcəyini açıqlayıb. Lakin digər şəxslər tərəfindən namizədliyi irəli sürüləcəyi halda, seçkiyə qatılmağa etiraz etməyəcəyini söyləyib: “Qoy mənə yalvarsınlar, qoy xahiş etsinlər! Xahiş etsələr, onda onların xahişlərini yerə sala bilmərəm. Söhbət konfransa qatılacaq məşqçilər, idman cəmiyyətləri, klubların nümayəndələrindən gedir”.

Federasiya prezidentinin fikrincə, boks ictimaiyyəti arasında bəzi şəxslər tərəfindən ona istənilən səviyyədə dəstək verilmir: “Ətrafımdakılar mənə deyirlər ki, həm federasiya, həm də yığma komandada köklü dəyişikliklər edilməlidir. Amma onlar bir şeyi anlamaq istəmirlər - keçmiş ittifaq dövründə Azərbaycanın ən yüksək nəticəsi SSRİ xalqlarının spartakiadasında komanda hesabında 11-ci yer olub. 1999-cu ildən apardığımız islahatlar, gördüyümüz işlər nəticəsində ölkə idmanına ilk dəfə Ağası Məmmədovun timsalında boks üzrə dünya çempionu, son üç yay olimpiya oyunlarında 4 bürünc mükafatçı bəxş etdik. Halbuki SSRİ birinciliyində hansısa boksçumuz bürünc medal qazananda məşqçilərimiz sevincdən qışqırıb-bağırırdılar”.

Lent.az