Rəcəbov: Olimpiadada bizə qeyri-sağlam atmosfer maneçilik törətdi
22.12.2008 - 00:34
Rəcəbov: Olimpiadada bizə qeyri-sağlam atmosfer maneçilik törətdi
“Şahmat Olimpiadasında yığmamız pis çıxış etmədi. Düzdür, biz ilk “üçlük”də yer almaq istəyirdik. Lakin buna komandamızdakı qeyri-sağlam atmosfer maneçilik törətdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın şahmat milli komandasının üzvü Teymur Rəcəbov deyib.

21 yaşlı idmançı ötən ay Almaniyanın Drezden şəhərində keçirilən Şahmat Olimpiadasının nəticələrindən danışarkən, yığmamızın medal qazana bilməməsinin səbəblərini açıqlayıb. O, 3-cü yerdən kənarda qalmalarını belə izah edib: “Komandamızın üzvlərindən kimsə uduzanda və ya ciddi səhv buraxanda, bu, kollektivə dərhal mənfi təsirini göstərirdi. Reallığa qalarsa, biz bürünc medal qazana bilərdik. Çünki iki turda böyükhesabla qalib gəlmişdik. Üstəlik, yığmamızın bütün şahmatçıları yaxşı formada idilər”.

Rəcəbov vurğulayıb ki, milli komandamız heç də fərdi oyunçuların ucbatından çətinlik çəkməyib: “Bizim yığmamızda fərdi oyunçu yoxdur. Məsələn, Krit şəhərində keçirilmiş komanda birinciliyndə kollektivdə əla atmosfer hökm sürürdü. Buna görə də, hamımız yaxşı nəticə göstərdik”.

Elistadakı Qran-Prinin rəsmi İnternet saytına müsahibəsində Teymur elə adıçəkilən yarış haqda da fikirlərini bölüşüb: “Turnir çox yüksək səviyyədədir. Yarış döyüşkən ruhda keçir. Təsadüfi deyil ki, oyunların heç də hamısı bərabərliklə nəticələnmir. Hər turda ən azı iki məhsuldar partiya qeydə alınır. Bu da turnirin maraqlı alınmasından xəbər verir”.
0