Vüqar Həşimov nədən gileyləndi?
22.12.2008 - 23:40
Vüqar Həşimov nədən gileyləndi?
“Şahmatda uğur qazanmaq üçün istedad, zəhmətkeşlik, psixoloji və fiziki hazırlıq tələb olunur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmat yığmasının üzvü Vüqar Həşimov deyib. Rusiyanın Elista şəhərində keçirilən Qran-Prinin rəsmi veb-saytına müsahibə verən 22 yaşlı beynəlxalq qrossmeyster bir sıra maraqlı məqamlara toxunub.

Həşimov vurğulayıb ki, mərhum prezident Heydər Əliyev daima şahmatçılara diqqət və qayğı göstərib: “Ümummilli lider Heydər Əliyev tez-tez perspektivli gənc şahmatçılarla görüşürdü. Belə görüşlər bizim xatirəmizdə xoş izlər buraxıb. Əlbəttə, yığma üzvləri öz aralarında rəqabət aparırlar. Amma lövhədən kənarda biz yaxşı münasibətdəyik”.

Ölkəmizin veteran şahmatçısı Elmar Məhərrəmovla bağlı sualı cavablayan Vüqar təəssüfünü gizlətməyib: “Elmar Məhərrəmov çoxdan Birləşmiş Ərəb Əmirliklərinə köçüb, orada məşqçi işləyir. Təəssüf ki, biz şahmatla ciddi məşğul olmağa başlayanda o, aramızda deyildi. 2001-i ildə mən, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov yığmanın heyətinə daxil olarkən Məhərrəmovun də komandaya qoşulması məsələsi müzakirə olundu. Həmin vaxt o, yaxşı məşqçi kimi tanınırdı. Lakin alınmadı. Heyf ki, Azərbaycanda belə yüksək səviyyəli mütəxəssislər çatışmır. Çoxu dünyasını dəyişib, digərləri ölkəni tərk ediblər. Qalanları isə səhərdən axşamadək uşaqlara məşq keçirlər”.
0