Namiq Abdullayev milli komandaya qatılmaqdan imtina edib
05.01.2009 - 13:57
Namiq Abdullayev milli komandaya qatılmaqdan imtina edib
Azərbaycanın sərbəst güləşçilərinin 2009-cu ildə ilk təlim-məşq toplanışına dünən start verilib. Bu haqda apasport.az saytına məlumat verən yığmanın baş məşqçisi Maqomedxan Aratsilovun sözlərinə görə, hazırlıq prosesinə 36 pəhləvan qatılıb. Dağıstanlı çalışdırıcı bildirib ki, ölkəmizin ən titullu sərbəst güləşçisi, olimpiya çempionu Namiq Abdullayev yenə yığmanın düşərgəsinə gəlməyib.

“Namiq fərdi məşqlər edir. Bu səbəbdən o, bizimlə birgə deyil” - deyə Aratsilov vurğulayıb. Baş məşqçi Abdullayevin yanvarın sonlarında Rusiyada keçiriləcək İvan Yarıgin turnirinə (Qızıl Qran-Prinin I mərhələsi) aparılmayacağını da söyləyib: “Onun Rusiyadakı yarışa aparılmayacağı dəqiqdir. Çünki Namiq həmin turnirə hazır deyil. Bir müddət öncə onun toyu olduğundan məşqlərdən kənarda qalıb, buna görə də indi optimal fiziki formadan uzaqdır”.

Qeyd edək ki, Abdullayev son 6 ayda milli komandaya gəlməkdən boyun qaçırır. 36 yaşlı pəhləvan hətta ötən ay baş tutan milli çempionatda da iştirak etməyib.
0