62 avro ödə, azərbaycanlı cüdoçunu izlə
07.02.2009 - 00:03
62 avro ödə, azərbaycanlı cüdoçunu izlə
Bu gün Fransanın paytaxtı Parisdə 2009-cu ilin ilk mötəbər cüdo turniri – “Böyük Dəbilqə” start götürür. Apasport.az saytının məlumatına görə, ümumi mükafat fondu 154 min dollar olan yarışda Azərbaycanın şərəfini 2 idmançı qoruyacaq. Parisdə tatami üzərinə Elxan Rəcəbli (81 kq) və Elxan Məmmədov (90 kq) çıxacaq.

Pekin Olimpiadasının qalibi Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyev isə azarkeş qismində yarışa baxacaqlar. Azarkeşlərdən söz düşmüşkən, “Böyük Dəbilqə”nin biletləri kifayət qədər baha satılır. Cüdo həvəskarlarına ən ucuz bilet 14 avroya başa gəlir. İkinci sektorda oturmaq istəyənlər isə 62 avro xərcləməlidirlər.

60 ölkədən 500-dək cüdoçunun mübarizə aparacağı turnirdə ilk yerin sahibi 5000, gümüş medalçı 3000, fəxri kürsünün üçüncü pilləsinə yüksələnlər isə hərəyə 1500 avro qazanacaq. “Böyük Dəbilqə” sabah axşam yekunlaşacaq.
0