Moskvada qalmaqal: Şəhriyar Məmmədyarov “Rıbka”ya düşdü
24.02.2009 - 14:25
Moskvada qalmaqal: Şəhriyar Məmmədyarov “Rıbka”ya düşdü
Azərbaycan şahmat yığmasının üzvü Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada keçirilən “Aeroflot Open-2009” festivalında qalmaqalla üzləşib. Apasport.az saytının məlumatına görə, həmvətənimiz xoşagəlməz hadisəni VI turda yaşayıb.

Belə ki, yarışın reytinq-favoriti olan Şəhriyar beş turdan sonra ukraynalı Aleksandr Moiseenko və rusiyalı İqor Kurnosovla birgə 1-3-cü pillələri bölüşdürürmüş. O, növbəti turda Kurnosovla qarşılaşıb. Lakin görüşün lap əvvəlindən rusiyalı şahmatçı şübhəli hərəkətlər etməyə başlayıb. Rəqib ayaqyoluna getmək və ya siqaret çəkmək istədiyini söyləyərək, tez-tez oyunun keçirildiyi zalı tərk edib. Kurnosov hər dəfə paltosunu da özü ilə aparıb.

Rusiyalının qeyri-adi davranışından şübhələnən Məmmədyarov çox erkən - 14-cü gedişdə ona heç-heçə təklif edib. Ancaq Kurnosov bununla razılaşmayıb və 21-ci gedişdə Şəhriyar mat olub. Oyundan sonra həmvətənimiz rəqibinin gedişlərini yoxlayıb və bunun kompüterdə ən güclü şahmat proqramı sayılan “Rıbka”nın birinci versiyasına uyğun gəldiyini görüb.

Nəticədə Məmmədyarov festivaldan imtina etmək qərarına gəlib. O, təşkilatçılara yazdığı məktubda Kurnosovu rəqibi aldatmaqda və oyun qaydalarını kobud şəkildə pozmaqda ittiham edərək, çıxışını yarımçıq dayandırıb.

Qeyd edək ki, fevralın 16-da start götürən “Aeroflot Open-2009” festivalı 3 gündən sonra başa çatacaq.
0