Məmmədyarov: Bu, bir qrup şahmatçının əl atdığı hiyləgər üsuldur
25.02.2009 - 00:01
Məmmədyarov: Bu, bir qrup şahmatçının əl atdığı hiyləgər üsuldur
“Moskvada baş verən hadisəyə son zamanlar şahmatda tez-tez rast gəlinir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan şahmat yığmasının üzvü Şəhriyar Məmmədyarovun şəxsi məşqçisi və atası Həmid Məmmədyarov deyib.

Ata Məmmədyarov Şəhriyarın Rusiyada təşkil olunan “Aeroflot Open-2009” festivalında üzləşdiyi qalmaqala münasibətini bildirib. O, oğlunu müdafiə edərək, İqor Kurnosovun günahkar olduğunu söyləyib: “Bu, bir qrup şahmatçının əl atdığı hiyləgər üsuldur. İqor Kurnosov güclü şahmatçı deyil. Buna görə Şəhriyarı başqa yollarla üstələməyə çalışıb. Rusiyalı qrossmeyster Vladimir Kramnik də dolayısı ilə Kurnosovun tərəfini saxlayıb. Çünki Kramnik özü də bu üsullara əl atır”.

Şəhriyar yarışı tərk etsə də, hələ də Moskvadadır. Həmid Məmmədyarov vurğulayıb ki, 24 yaşlı şahmatçı “Aeroflot Open-2009”un blits turnirində mübarizə aparacaq: “Yarışdan imtina etməsinə baxmayaraq, Şəhriyar fevralın 26-da baş tutacaq blits turnirə qatılacaq. Bundan sonra o, Almaniyaya yollanacaq. Şahmatçı “Verder” klubunun heyətində fevralın 28-də və martın 2-də Bundesliqada 2 oyun keçirəcək. Həmin görüşlərin ardından o, Bakıya dönəcək”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Aeroflot Open-2009” festivalında xoşagəlməz hadisəni VI turda yaşayıb. Liderlər qrupunda qərarlaşan həmvətənimiz rusiyalı İqor Kurnosovla görüşdə haqsızlıqla üzləşib. Onun rəqibi tez-tez ayaqyoluna getmək və ya siqaret çəkmək bəhanəsi ilə bayıra çıxıb. Kurnosovun qeyri-adi davranışlarından şübhələnən Şəhriyar 14-cü gedişdə ona heç-heçə təklif edib, ancaq əvəzində rədd cavabı alıb. 21-ci gedişdə isə Məmmədyarovun məğlubiyyəti rəsmiləşib. Oyundan sonra məlum olub ki, Kurnosov partiyanın gedişində kompüterdə ən güclü şahmat proqramı sayılan “Rıbka”nın birinci versiyasından yararlanıb.
0