Sambo çempionatında ilk mükafatı nazir aldı
05.03.2009 - 19:14
Sambo çempionatında ilk mükafatı nazir aldı
Bu gün Bakı İdman Sarayında sambo üzrə növbəti Azərbaycan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə sambonun yaradılmasının 50 illik yubileyinə həsr olunan yarışın təntənəli açılış mərasimi keçirilib.

Tədbirə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, Azərbaycan - Belarus Dostluq Cəmiyyətinin sədri, sambo üzrə dördqat dünya və beşqat Avropa çempionu Natiq Bağırov və digər qonaqlar qatılıblar.

Açılış mərasimində çıxış edən Azad Rəhimov ölkəmizdə sambonun böyük ənənələrinin olduğunu söyləyib. O, çempionatın açılışının martın 5-də gerçəkləşməsini təsadüfi hal saymayıb: “Bu gün həm də Bədən Tərbiyəsi və İdman Günüdür. Bu əlamətdar tarixdə bütün samboçulara uğurlar arzulayıram”.

Daha sonra Natiq Bağırov, eləcə də Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov nitq söyləyiblər. Məmmədov Azad Rəhimova, Çingiz Hüseynova və Bakı Şəhər Baş Gənclər İdman İdarəsinin rəisi Raqif Abbasova kubok bağışlayıb.

250 idmançının qüvvəsini sınadığı çempionat sabah yekunlaşacaq.
0