Azərbaycan yığması Dünya Kubokuna sahib çıxdı
08.03.2009 - 20:00
Azərbaycan yığması Dünya Kubokuna sahib çıxdı
İranın paytaxtı Tehranda sərbəst güləş üzrə Dünya Kuboku turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, 8 ölkənin qatıldığı turnirdə Azərbaycan yığması Ukrayna, Qazaxıstan və Özbəkistanla birgə B qrupunda yer alıb. Rusiya, İran, Gürcüstan və Kuba güləşçiləri isə A qrupunda qüvvələrini sınayıblar.

Dünya Kubokuna baş məşqçi Maqomedxan Aratsilovun rəhbərliyi altında yollanmış milli komandamızın heyəti Abil İbrahimov, Ceyhun Əliyev (hər ikisi 55 kq), Zəlimxan Hüseynov, Cəlal Süleymanov (hər ikisi 60 kq), Cəbrayıl Həsənov, Xaqan Süleymanov (hər ikisi 66 kq), Çamsulvara Çamsulvarayev, Aqil Quliyev (hər ikisi 74 kq), Novruz Temrezov, Hacı Əlicanov (hər ikisi 84 kq), Xetaq Qazyumov, Mehman İmanquliyev (hər ikisi 96 kq), Əli İsayev və Mixail Qazzayevdən (hər ikisi 120 kq) ibarətdir.

Təqvimə əsasən, sərbəst güləşçilərimiz ilk görüşdə Özbəkistan idmançıları ilə üz-üzə gəliblər. Bu qarşılaşmadan yığmamız 6:1 hesablı qələbəylə ayrılıb. Ardından Ukraynanı sınağa çəkən Aratsilovun yetirmələri bu dəfə də rəqibini darmadağın ediblər - 6:1.

Həmvətənlərimizin qrupda üçüncü rəqibi Qazaxıstan millisi olub və bu dəfə də sevinən Azərbaycan güləşçiləri olub. Maraqlıdır ki, yığmamız yenə xalça üzərindən 6:1 hesablı qələbəylə ayrlıb.

Beləliklə, qrup mərhələsini məğlubiyyətsiz başa vuran yığmamız finala yüksəlib. Qızıl medallar uğrunda həmvətənlərimizin rəqibi İran güləşçiləri olub. Meydan sahibləri üzərində də qələbə qazanan milli komandamız Dünya Kubokuna sahib çıxıb. Rusiya güləşçiləri turniri üçüncü, Qazaxıstan isə dördüncü yerdə başa vurub.
0