Bakılı Avropa çempionu avtoritet imiş
02.04.2009 - 15:59
Bakılı Avropa çempionu avtoritet imiş
Azərbaycan güləş məktəbinin yetirməsi Viktor Avdışev cinayətlərini ört-basdır etmək üçün soyadını dəyişib. Apasport.az saytının məlumatına görə, evləndikdən sonra həyat yoldaşının soyadını götürən Viktor indi Avdışev yox, Koçiyevdir. Onun həyat tarixçəsi isə lap qədim xalq nağıllarını xatırladır.

1956-cı ildə Bakıda anadan olan Viktor 22 yaşında Avropa çempionu tituluna yiyələnir. Bundan başqa o, dünya çempionatının bürünc medalını da qazanıb. “Avdış” ləqəbi ilə tanınan və milliyyətcə assiriyalı olan Viktor sonradan Azərbaycanı tərk edərək, Ukraynaya üz tutur. Orada özünü xeyriyyəçi kimi göstərərək, kilsə inşa etdirib. Pəhləvan “MOİK-Riko” basketbol klubunun, ardından Ukrayna Ağır Atletika Federasiyasının prezidenti seçilib. Həmyerlimiz pillə-pillə qazandığı uğurlara kriminal aləmdə də nail olub.

Avdışev Kiyevdə SSRİ assiriyalıları icmasının rəhbəri Benyaminovun qızı ilə evlənərək, soydaşları arasında özünə yer edir. Az sonra əmisi Harri Məlikzadə Cibunu tapan sabiq güləşçi onun yaratdığı təşkilatda məsul vəzifəyə təyin olunur. Elə həmin ərəfədə Kiyev Respublika stadionunda fəaliyyət göstərən bazarı “qoruyan” assiriyalılar öz birliklərini qeydiyyatdan da keçirirlər. Mühafizə xidməti kimi qeydə alınan və 700-dək əməkdaşı olan reket qrupunun rəhbəri Cibu, onun müavini isə Viktor idi.

Onlar təkcə bazar işçilərindən deyil, Ukraynanın hər yerində yaşayan biznesmenlərdən “can haqqı” almağa başlayırlar. Amma Cibu tamahını saxlaya bilmir. O, siqaret satışını nəzarətə götürmək məqsədilə Almaniyaya danışıqlara yollanır və orada vyetnamlılardan ibarət qruplaşma tərəfindən güllənir. Belə olan halda, Avdışev assiriyalıların rəhbəri keçir.

Viktor pul yığımını həyata keçirən dəstələrə slavyanları briqadir təyin edir. Özü də onun Kiyevin nüfuzlu avtoritetlərindən sayılan “Savloxa”nın dəstəsi ilə dost münasibətləri var idi. Əslən osetin olan Boris Savloxovla Avdışevin dostluğu hələ idmançı vaxtlarında yaranıb. Təsadüfi deyil ki, Viktor Savloxovun Ukrayna Güləş Federasiyasının prezidenti olduğunu gördükdən sonra dostuna güzəştə gedərək, başqa federasiyaya üz tutmuşdu.

Ancaq Avropa çempionumuz azadlıqda çox qala bilmir. Ukrayna və Rusiyanın qanun keşikçiləri tərəfindən axtarılan güləşçimiz günlərin bir günündə Kiyevdə həbs olunur. Lakin Azərbaycanda yaşayan anasının vəfat etməsini nəzərə alan hüquq-mühafizə orqanları müəyyən pul müqabilində Viktoru zaminə buraxırlar. Bakıya gələn kriminal avtoritet bu dəfə vətənində həbs edilir. Ukrayna tərəfinin tələblərinə baxmayaraq, Azərbaycan vətəndaşı olan Avdışevin məhkəmə işi elə burada qurulur. Vəkili Ramiz Zeynalovun bacarığı sayəsində psixiatrik xəstəxanaya göndərilən Viktor iki il orada qalır.

Tədricən Bakıda darıxan həmyerlimiz güləş məşqçisi kimi öz yetirmələrini Kislovodska təlim-məşq toplanışına aparmaq qərarına gəlir. Lakin yol polisi onu tanıyaraq həbs edir. Ukrayna ilə onun ekstradisiyası razılaşdırılsa da, bu zaman güləşçinin həyatında müsbətə doğru dəyişiklik baş verir. Belə ki, şəhər məhkəməsi onu azadlığa buraxılması haqqında şok effektli qərar çıxarır. Sonradan məhkəmənin xanım hakimi Nina Jurba verdiyi qərara izah tapa bilmir. Amma qəfil baş tutan və gözlənilməz qərarla nəticələnən məhkəmənin əfsanəvi rus pəhləvanı Aleksandr Karelinin Kislovodska məxfi səfəri ilə bağlı olduğu haqda xəbərlər yayılır...

“Avdış” gizlənməkdən, təqibdən bezərək, rahat yaşamaq istəyinə düşüb. Viktor Moskvaya üz tutaraq, onunla ailə həyatı quran bir xanımın soyadını götürüb. İndi Avdışev yox, Koçiyev olan Viktor nümunəvi ailə başçısıdır və nüfuzu ilə qonşuları arasında ad çıxarıb. Onun keçmişini araşdırmaq isə heç kimin yadına düşmür və ya buna heç kimin “gücü” çatmır. Hər halda, artıq “Avdış”ın reket dəstəsi, “vergiyığan” briqadirləri yoxdur. Reketlər, “vergiyığanlar” yeni sahiblərinə xidmət edirlər. Bakılı Avropa çempionu isə xanımı ilə birgə rahat həyat sürür.