Ağacan Abıyevdən Vüqar Ələkbərova təklif: Çəkini sal, məşqçi işlə!
02.04.2009 - 16:55
Ağacan Abıyevdən Vüqar Ələkbərova təklif: Çəkini sal, məşqçi işlə!
“Böyük İpək Yolu” beynəlxalq turnirində boksçularımızın göstərdikləri nəticələr pis deyildi. Ölkə çempionatı ilə müqayisədə, idmançılarımızda nisbətən irəliləyiş var”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abıyev deyib.

O bildirib ki, Bakı İdman Sarayında keçirilən yarışda bir sıra boksçularımız özlərini yaxşı tərəfdən göstəriblər: “Olimpiadadan sonrakı ilk il olduğunu və heyətin cavanlaşdığını nəzərə almalıyıq. Rəhim Nəcəfov və Emil Məhərrəmovda inkişaf hiss olunur. Ramal Amanov da yaxşı çıxış etdi”.

Buna baxmayaraq, Abıyevin narazı qaldığı məqamlar da mövcuddur: “75 kq, 91 kq və 91 kq-dan artıq çəki dərəcələrində bizə yaxşı boksçu lazımdır. 91 kq-da Elçin Əlizadə “Böyük İpək Yolu” turnirinin qalibi olsa da, onun çıxışından razı qalmadım. Elçin son 2-3 ildə ondan gözlədiyimizin heç 1/3-ni vermir. +91 kq-da isə heç vaxt layiqli təmsilçimiz olmayıb və elə indi də vəziyyət dəyişməyib”.

Ağacan Abıyev gücləri tükənən boksçulara məşqçilik etməyi tövsiyə edib: “Cavid Tağıyev, Rahib Bəylərov, Vüqar Ələkbərova təklif edəcəyəm ki, boksu buraxıb, məşqçiliyə başlasınlar. Bəlkə bu yolla onlarda nəsə alındı. Konkret Vüqar Ələkbərova gəlincə, əgər onda pedaqoqluq qabiliyyəti varsa, məşqçi işləyə biləcək. Ancaq bundan ötrü çəkisini salmalıdır. Mən məşqçi işləyəndə 54 kq idim. Vüqarın çəkisi isə indi 100 kq-dan çoxdur”.

Qeyd edək ki, “Böyük İpək Yolu” beynəlxalq turnirində 7 qızıl medal qazanan Azərbaycan yığması komanda hesabında birinci yeri tutub.