Olimpiya çempionumuz da uduzdu, Avropa çempionumuz da
04.04.2009 - 14:21
Olimpiya çempionumuz da uduzdu, Avropa çempionumuz da
Litvanın paytaxtı Vilnüsdə təşkil olunan Avropa çempionatında bu gün yunan-Roma güləşçiləri mübarizə qoşulublar. Apasport.az saytının məlumatına görə, bu gün 55, 60, 66 və 74 kq çəki dərəcələrində yer alan pəhləvanlar döşək üzərinə çıxırlar. Bu çəkilərdə Azərbaycanı müvafiq olaraq, Rövşən Bayramov, Fuad Əliyev, Fərid Mansurov və Elvin Mürsəliyev təmsil edir.

55 kq
Pekin Olimpiadasının gümüş mükafatçısı Rövşən Bayramov çempionata qələbə ilə başlayıb. Həmvətənimiz yerli idmançı Oleq Lavrovyaneçi məğlub edib. 1/4 finalda Aleksandar Kostadinovla (Bolqarıstan) qarşılaşan ikiqat Avropa çempionumuz rəqibinə bata bilməyib. Onun təsəlliverici mərhələyə qatılması üçün Kostadinovun finala vəsiqə qazanması lazımdır.

60 kq
Bu çəkidəki təmsilçimiz Fuad Əliyev ilk görüşdə qalib gəlib. O, Yesper Karlssonu (İsveç) üstələyib. Daha sonra pəhləvanımız 1/4 finalda finlandiyalı Ville Pasaneni qalib gəlib. Finala vəsiqə uğrunda o, Eduard Barseqini (Polşa) məğlub etməlidir.

66 kq
Olimpiya çempionumuz Fərid Mansurovun da debütü uğurlu alınıb. O, Türkiyə pəhləvanı Refik Ayvazoğluna qalib gəlib - 1:0; 3:0. 27 yaşlı idmançımız növbəti mərhələdə Plamen Petrovu (Bolqarıstan) da üstələyərək, 1/4 finala yüksəlib. Bu mərhələdə Fərid rusiyalı Ambako Vaşadze ilə qüvvəsini sınayıb. Lakin Mansurov hər iki hissədə (0:1; 0:2) uduzaraq, yarımfinala çıxa bilməyib. Onun təsəlliverici mərhələyə qatılıb-qatılmayacağı Vaşadzenin finala yüksəlməsindən asılıdır.

74 kq
Elvin Mürsəliyev ilk görüşdə polşalı Kristof Kovalskini məğlub edib. Həmyerlimiz növbəti mərhələdə Peter Başçiyə (Macarıstan) də qalib gələrək, 1/4 finalda iştirak hüququna yiyələnib.