Federasiya qərarını verdi: milli komandamızın məşqçilər korpusunda dəyişiklik olacaq!
06.04.2009 - 18:35
Federasiya qərarını verdi: milli komandamızın məşqçilər korpusunda dəyişiklik olacaq!
Bu gün Azərbaycanın Güləş Federasiyasının (AGF) rəhbərliyi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, AGF-nin vitse-prezidenti Namiq Əliyev, güləş yığmalarımızın baş məşqçiləri qatılıblar.

Litvanın paytaxtı Vilnüsdə keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatının yekunları barədə danışan Namiq Əliyev bildirib ki, qazanılan uğurlar və uğursuzların müəyyən səbəbi var: “Sərbəst güləşçilərimizin qitə çempionatında uğurlu çıxış səbəbsiz deyil. Son illərdə federasiyanın strukturunda, hazırlıq planında edilən dəyişiklər bəhrəsini verdi. Yunan-Roma növündə uğursuzluğun da öz səbəbləri var. Pekin Olimpiadasından sonra yığmada, məşqçilər korpusunda dəyişiklik etsək də, bu, özünü doğrultmadı. Dünya Kuboku və Avropa çempionatının nəticələri də bunu təsdiqlədi. Yunan-Roma yığmasının məşqçilər korpusunda nöqsanlar var. Bunun nəticəsidir ki, qitə birinciliyində belə zəif çıxış etdik. Beş güləşçimizdən medal gözləsək də, məşqçilərin səhvləri bunun reallaşmasına imkan vermədi. Federasiya və Gənclər və İdman Nazirliyi bu məsələyə baxacaq. Yaxın 5-10 gündə məşqçilər korpusunda dəyişiklik olacaq”.

AGF rəsmisinin fikrincə, Avropa çempionatından öncə qadınlardan ibarət güləş yığmamızdakı baş məşqçi dəyişikliyi öz bəhrəsini verib: “Milli komandanın baş məşqçisi postunu ukraynalı mütəxəssisə etibar etdik. Mariya Stadnik Avropa çempionu oldu, Zümrüd Qurbanhacıyeva isə gümüş medal qazandı. Əsas odur ki, yığmamızda yaxşı gənclər yetişir. Onların böyük potensialı var. Qarşıdakı yarışlarda da onlardan uğurlu nəticə gözləmək olar. Əslində, Novruz Temrezov da qızıl medal qazana bilərdi. Ancaq finalda etdiyi fənd 3 yox, 1 xalla qiymətləndirildi və nəticədə “qızıl” əldən getdi. Yəni, hakim səhvi ucbatından bir idmançımız çempion ola bilmədi. Avropa çempionu olan Əli İsayevin final görüşündə də hakim səhvi oldu. Bu, aparılan ciddi müzakirələr nəticəsində müəyyənləşdi. Onun bir fəndi hesaba alınmamışdı. Buna görə də həmin gürcü hakim cəzalanacaq”.

Sərbəst güləş yığmamızın baş məşqçisi Maqomedxan Aratsilov isə bildirib ki, qazandıqları Dünya Kubokundan sonra qısa müddətdə Avropa çempionatına hazırlıq planı savadlı şəkildə qurulub: “Bu işdə federasiya rəhbərliyi bizə hər cürə kömək, qayğı göstərdi. Yaxşı hazırlaşdıq və nəticədə hər şey alındı. Qitə birinciliyində bundan da yaxşı nəticə göstərə bilərdik. Hər halda, bütün bunlar arxayınlaşmağa əsas vermir. Növbəti yarışlarda da uğurla çıxış etməliyik”.

Qeyd edək ki, Azərbaycan güləşçiləri Avropa çempionatında 5 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.