Stadnik: Avropa çempionu olduğum üçün mənə heç bir mükafat verilməyib
10.04.2009 - 23:09
Stadnik: Avropa çempionu olduğum üçün mənə heç bir mükafat verilməyib
“Avropa çempionu olduğum üçün mənə heç bir mükafat verilməyib. Heç bunu mənə vəd edən də olmayıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri sərbəst güləş üzrə qitə çempionu Andrey Stadnik deyib.

Ötən həftə Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən Avropa çempionatının həlledici qarşılaşmasında Azərbaycan güləşçisi Cəbrayıl Həsənovu məğlub edən ukraynalı idmançı bu mükafatın qarşılığında nəsə alacağına ümid etmir: “Bilirəm ki, qitə miqyaslı turnirlərdə qazanılan qələbəyə görə adətən 10 min qriven verirlər. Ən yüksək məbləğ kimi buna ümid edə bilərdim. Bu da ki yalnız kommunal xərclərə və bir neçə başqa şeyə kifayət edir. Mükafatla bağlı mənə heç nə deməyiblər. Ukrayna bu mənada kasıb ölkələrdən biridir, hardasa Kuba səviyyəsindədir”.

Azərbaycan milli komandasının üzvü, Vilnüsdə qızıl medal qazanan Mariya Stadnikin həyat yoldaşı maddi təminatını yaxşılaşdırmaq üçün başqa variant tapıb: “İndi güləşdə klub sistemi inkişaf etməkdədir. Artıq xeyli təkliflər almışam. Yəqin ki, elə bu il klub səviyyəsində yarışlara qatılaram. Ən yaxşı şərtləri İran təklif edir. Ora yollanıb klub turnirlərində iştirak edəcəyəm. Bu yarışlar qısa zamanı əhatə edir, həm də yaxşı qazanmaq olur. Hazırda yığma səviyyəsində heç bir yarışın olmamağından yararlanıb bir az qazanmaq olar”.

Qeyd edək ki, Mariya və Andrey Stadniklər Vilnüsdəki Avropa çempionatında bir ailəyə iki qızıl medal qazanmaqla, yarışların tarixinə düşüb.
0