Yığmamızın baş məşqçisini İranda yarış zalına buraxmadılar
14.04.2009 - 14:54
Yığmamızın baş məşqçisini İranda yarış zalına buraxmadılar
İranın paytaxtı Tehranda kişi və qadın taekvondoçular arasında keçirilmiş XXI “Fəcr” beynəlxalq turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı 22 kişi və 10 qadın idmançı təmsil edib. Kişi taekvondoçularımızdan yalnız Samir Aydınov fəxri kürsüyə yüksəlib. O, gümüş medala layiq görülüb.

Yığmanın baş məşqçisi Ələkbər İmaməliyev apasport.az-a açıqlamasında bildirib ki, nəticənin aşağı olması qaydalardakı dəyişikliklərlə bağlıdır: “Fəcr” turnirində idmançılar xüsusi corab və jilet geyinirdilər. Zərbə vurarkən, həmin corab jiletin lazımi yerinə toxunduğu halda, qeydə alınırdı. Taekvondoçularımız indiyədək bu ləvazimatlarla məşq etməmişdilər, ona görə də yeni qaydalara öyrəşə bilmədilər. Çox güman ki, yaxın vaxtlarda bizə də Koreyadan xüsusi corab və jilet gətiriləcək”.

Pekin Olimpiadasında 5-ci yeri tutmuş Rəşad Əhmədov “Fəcr” turnirində elə ilk döyüşdə uduzub.

Xanım taekvondoçularımızın çıxışı isə uğurlu olub. Qadınlardan ibarət milli komandanın yeni baş məşqçisi Niyaməddin Paşayev ilk yarışdaca Vətənə medallarla dönüb. Belə ki, Tehranda qadın idmançılarımız 1 gümüş, 6 bürünc medal qazanıblar. Gümüş medala Yelena Abbasova (67 kq), bürünc medallara isə Nübar Hacıyeva, Aygün Əliyeva (hər ikisi 47 kq), Aygül Abdullayeva (51 kq), Arzu Bağırova, Nigar Hacıyeva (hər ikisi 55 kq) və Günay Ağakişiyeva (63 kq) sahib çıxıb. Komanda hesabında kişilər 4-cü, qadınlar isə 3-cü yeri tutub.

Maraqlıdır ki, Niyaməddin Paşayevi yarış zalına buraxmayıblar. İranda qadınların yarışına kişilər buraxılmadığından, baş məşqçimiz döyüşlər zamanı gözləmə zalında qalıb.