Bakıda şahmat bayramı: iştirakçılar, qonaqlar, oyunlar... - FOTO
06.05.2009 - 13:24
Bakıda şahmat bayramı: iştirakçılar, qonaqlar, oyunlar... - FOTO
Sabah Bakıda şahmat bayramı, mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident kuboku” turniri start götürəcək. Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat katibi Tural Baxışovun apasport.az saytına verdiyi məlumata görə, yarışda ümumilikdə 9 zəka sahibi qüvvəsini sınayacaq. Bunlardan dördü FİDE dünya yığmasının şərəfini qoruyur.

Söhbət hazırkı dünya çempionu kimi ilk dəfə ölkəmizə gələcək Vişvanatan Anand (Hindistan), vitse-çempion Vladimir Kramnik (Rusiya), son Dünya kubokunun finalçısı Aleksey Şirov (İspaniya) və nüfuzlu Veyk-An-Zee turnirinin axırıncı qalibi Sergey Karyakindən (Ukrayna) gedir. Rəqibdən fərqli, Azərbaycan komandasının heyətində 5 şahmatçı var. Yığmamızı Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov təmsil edəcək. Lakin son 2 idmançı bir-birinin əvəzləyicisi qismində oynayacaq.

“Prezident kuboku”nun açılışı sabah saat 17:00-da “ÜNS” yaradıcılıq səhnəsində baş tutacaq. Mərasimdə yarışın püşkü də atılacaq. Turnirin formatı və təqvimi barədə bir qədər sonra. İndi qonaqlar barədə məlumat verək.

Tural Baxışov bildirib ki, yarışda FİDE prezidenti Kirsan İlyumjinov da iştirak edəcək. Özü də o, paytaxtımızda ilk dəfə olaraq 4 gün qalacaq. Açılış mərasiminə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, AŞF-nin prezidenti Elman Rüstəmov da qatılacaq.

Turnirə xarici KİV-in də böyük marağı var. Belə ki, “Prezident kuboku”nu işıqlandırmaq üçün Bakıya Hindistan televiziyasının, İspaniya radiosunun, eləcə də Rusiyanın “NTV-Sport” telekanalının və tanınmış “64 şahmat icmalı” nəşrinin əməkdaşları ezam olunacaqlar. Yarış zamanı bütün şəraitə malik “Press center” jurnalistlərin ixtiyarına veriləcək. Yəqin ki, “Press center”də Vladimir Kramnikin fransız həyat yoldaşı Mari-Loya da rast gəlmək mümkün olacaq. Axı, o da jurnalistdir.

“Prezident kuboku”nun formatı belədir: dünya yığmasının hər bir üzvü azərbaycanlı həmkarı ilə ağ və qara fiqurlarla olmaqla, 2 oyunda qüvvəsini sınayacaq və hər bir görüş 1 tur sayılacaq. Bununla da, hər şahmatçı 8 turda çıxış edəcək. Yarış eyni zamanda FİDE dünya yığması və Azərbaycan milli komandası arasında beynəlxalq yoldaşlıq görüşü adlanır. “Şeveningen” sistemi ilə keçiriləcəyindən hər tur təxminən 1 saat davam edəcək. Bəs xallar, ümumi nəticə necə hesablanacaq?

Hər turda 4 əcnəbi şahmatçı 4 azərbaycanlı həmkarı ilə qarşılaşacaq. Deməli, bu zaman 2:2, 3:1, 2,5:1,5, 3,5:0,5 və ya 4:0 hesabı qeydə alınacaq. 8 tur ərzində bu xallar toplanacaq və yekunda Azərbaycanın, yoxsa dünya yığmasının qalib gələcəyi müəyyənləşəcək. Yəni, “Prezident kuboku” fərdi yarış deyil.

Qalib komandaya Türkiyədən gətirilmiş kubok təqdim olunacaq. Yığmamız qalib gələcəyi təqdirdə, kubok AŞF-nin ofisində saxlanılacaq. Əks halda isə mükafat FİDE-nin muzeyinə aparılacaq.

Yarış mayın 9-da başa çatsa da, bu, şahmat bayramının sonu anlamına gəlmir. Çünki mayın 10-da Milli Parkda seans olacaq. Seansa Azərbaycan yığmasının üzvləri ilə yanaşı, Vladimir Kramnikin də qatılacağı gözlənilir.

“Prezident kuboku”nun iştirakçıları:
Azərbaycan yığması:


Teymur Rəcəbov
(təvəllüdü 12.03.1987, reytinqi 2761)
Vüqar Həşimov (təvəllüdü 24.07.1986, reytinqi 2730)
Şəhriyar Məmmədyarov (təvəllüdü 12.04.1985, reytinqi 2725)
Qədir Hüseynov (təvəllüdü 21.05.1986, reytinqi 2659)
Rauf Məmmədov (təvəllüdü 26.04.1988, reytinqi 2645)

FİDE dünya yığması:

Vişvanatan Anand
(təvəllüdü 11.12.1969, reytinqi 2783)
Vladimir Kramnik (təvəllüdü 25.06.1975, reytinqi 2759)
Aleksey Şirov (təvəllüdü 04.07.1972, reytinqi 2745)
Sergey Karyakin (təvəllüdü 12.01.1990, reytinqi 2721)

“Prezident kuboku”nun təqvimi:
7 may


17:00 Açılış mərasimi
18:00 1-ci tur
19:30 2-ci tur

8 may

16:00 3-cü tur
17:30 4-cü tur
19:00 5-ci tur

9 may

16:00 6-cı tur
17:30 7-ci tur
19:30 8-ci tur
20:00 Bağlanış mərasimi
0