Birinci günün qəhrəmanları: Anand və Məmmədyarov
08.05.2009 - 10:47
Birinci günün qəhrəmanları: Anand və Məmmədyarov
Azərbaycan idmanı tarixində ən böyük şahmat bayramının - mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident kuboku” turnirinin birinci günü arxada qalıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və FİDE dünya yığmaları arasında “ÜNS” yaradıcılıq səhnəsində keçirilən qarşılaşmada iki tur oynanılıb.

Yarışın birinci günü milli komandamızın passivinə yazılmalıdır. Hərçənd, ilk tur şahmatçılarımız yaxşı təsir bağışladılar. Teymur Rəcəbov və Vüqar Həşimov heç-heçə oynadı, Şəhriyar Məmmədyarov qalib gəldi. Çətin duruma düşən Qədir Hüseynov isə endşpildə düzgün gedişlər sayəsində ukraynalı Sergey Karyakindən yarım xal aldı. Və zalda səslənən alqışlar yığmamızın qələbəsinin rəsmiləşməsinə işarə idi.

Amma ikinci turda uğursuzluğa düçar olduq. Hətta “quru” hesabla uduzmaq ehtimalı da var idi. Qədir və Vüqarın ardıcıl məğlubiyyətlərindən sonra milli komandamızın necə ağır vəziyyətə düşdüyünü təsəvvür etmək çətin deyil. Yaxşı ki, Teymurla Şəhriyar hərəyə yarım xal topladılar. Ancaq istənilən halda, günü mənfi göstərici ilə başa vurduq.

Çox güman ki, ikinci turda yaşadığımız uğursuzluq reqlamentdəki gözlənilməz dəyişikliklərlə bağlıdır. Təsəvvür edin ki, birinci turdan sonra Rəcəbov otaqda istirahət edir və az öncə ağlarla heç-heçə oynadığı Ananda qarşı bu dəfə qara fiqurlarla mübarizə aparacağını düşünür, beynində müxtəlif taktikaları götür-qoy edir. Budur, vaxt tamamdır, Teymur ikinci tura başlamaqdan ötrü səhnəyə qalxır, lövhəyə yaxınlaşır və qəflətən Kramniklə qarşılaşacağını görür... Əlbəttə, arzuolunmaz vəziyyətdir. Halbuki, təşkilatçılar 1-ci və 2-ci turda eyni şahmatçıların fərqli fiqurlarla oynayacaqlarını bildirmişdilər.

Heyf ki, “sürpriz” şahmatçılarımızın əleyhinə işlədi. Təsadüfi deyil ki, həmvətənlərimiz ikinci turdan sonra reqlament dəyişikliyindən şikayətlənirdilər. Sabiq dünya çempionu Vladimir Kramnik isə bununla bağlı ünvanlanan suala özünəməxsus təmkin və sadəliklə cavab verdi: “Məndə 2 mənbədən məlumat var idi. Ya yenidən Vüqar Həşimovla, ya da Teymur Rəcəbovla görüşəcəyimi eşitmişdim”. Açığı, yığmamıza məğlubiyyət bahasına başa gələn bu əndrabadi dəyişikliyin nədən qaynaqlandığı müəmma olaraq qaldı.

Birinci günün qəhrəmanları isə şübhəsiz ki, dünya çempionu Vişvanatan Anandla Şəhriyar Məmmədyarov oldu. Hər iki şahmatçı həmkarlarından daha çox - 1,5 topladılar. Həm də Şəhriyar birinci turda qazandığımız qələbənin səbəbkarı kimi yadda qaldı. Şahmatçılarımızdan yeganə qələbəyə də məhz o imza atdı.

Anand isə necə deyərlər, elə Ananddır. Əsl “hind pələngi”. Yarışın startından 13 saat öncə Çilidən uçaraq, Bakıya gələn 40 yaşlı şahmatçıya yorğunluq qətiyyən maneçiilk törətmədi. Görünür, açılış mərasimində dünyanın ən yaxşı şahmatçısına verilən “Oskar” mükafatını alması ona böyük ruh yüksəkliyi gətirmiş, yorğunluğunu da unutdurmuşdu.

“Prezident kuboku” bu gün və sabah da davam edəcək. Vəziyyəti öz xeyrimizə dəyişmək, xal fərqini aradan götürmək üçün ixtiyarımızda 6 tur, yəni 24 oyun var. Təki, hər şey yaxşı olsun!

İki turdan sonra ümumi vəziyyət:

Azərbaycan - FİDE dünya - 3,5:4,5

1-ci tur: 2,5:1,5
2-ci tur: 1:3

Şəxsi göstəricilər:
Vişvanatan Anand (2783) - 1,5 xal
Şəhriyar Məmmədyarov (2725) - 1,5
Teymur Rəcəbov (2761) - 1
Vladimir Kramnik (2759) - 1
Aleksey Şirov (2745) - 1
Sergey Karyakin (2721) - 1
Vüqar Həşimov (2730) - 0,5
Qədir Hüseynov (2659) - 0,5

8 may
16:00 3-cü tur
17:30 4-cü tur
19:00 5-ci tur

9 may
16:00 6-cı tur
17:30 7-ci tur
19:30 8-ci tur
20:00 Bağlanış mərasimi
0