Olimpiya çempionuna 8 illik cəza
17.06.2009 - 10:40
Olimpiya çempionuna 8 illik cəza
Amerikalı olimpiya çempionu Tayler Hemilton 8 il müddətinə diskvalifikasiya olunub. Apasport.az saytının məlumatına görə, 2004-cü Afina Olimpiadasının qalibi olan velosipedçinin qanında aparılan dopinq-test artıq ikinci dəfə müsbət nəticə verib.

Bir neçə dəfə dopinqlə bağlı qalmaqala düşən 38 yaşlı Hemilton hələ apreldə böyük idmandan getdiyini bəyan etmişdi. ABŞ-ın Antidopinq Agentliyinin icraçı-direktoru Trevis Tayqart velosiped idman növündə bu cəzanı çox ağır hesab edir: “38 yaşlı idmançı üçün velosipeddə 8 illik diskvalifikasiya ömürlük cəzaya bərabərdir. Bu, həmçinin ona zəmanət verir ki, o, işgüzar dövründə yarışlarda iştirak edə bilməyəcək”.

Qeyd edək ki, Hemilton apreldə steroid qəbulunda şübhəli bilinirdi. Onun üzərində fevralın 9-da yarış olmayan vaxtda test götürülmüşdü. Amerikalı idmançı bildirib ki, o, depressiya ilə mübarizə apardığı üçün tərkibində steriod olan maddədən istifadə edib. Hemilton ilk dəfə 2004-cü ildə qanında istifadəsi qadağan olan maddə tapıldığı üçün diskvalifikasiya olunub.