Yığmamızın baş məşqçisi: Daha yaxşı nəticə ola bilərdi
29.06.2009 - 18:10
Yığmamızın baş məşqçisi: Daha yaxşı nəticə ola bilərdi
Kayak və kanoe üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Kolıbelnikovun müsahibəsi

- Avropa çempionatında kayak və kanoeçilərimizin göstərdikləri nəticələr barədə fikrinizi bilmək maraqlı olardı.
- Avropa çempionatı həm mənim, həm də komanda üçün ilk ciddi yarış idi. Amma hər halda, biz ümumi qiymətləndirməni dünya çempionatından sonra edəcəyik. Bu gün bəzi müsbət məqamlar hiss olunmaqdadır. Qalanlarını isə daha çətin yarışa – dünya çempionatına kimi qaydasına qoyacağıq.

- Nəticədən razısınız?
- Ümumi götürəndə, razıyam. Amma daha yaxşı ola bilərdi.

- Daha yaxşı nəticə üçün idmançılarda nə çatmadı?
- Nəyin çatmadığını özüm müəyyənləşdirmişəm və aradan qaldıracağıq. Amma bir şeyi mütləq vurğulamaq lazımdır. Azərbaycan Milli Avarçəkmə Federasiyası bizə əlindən gələn şəraiti yaratmağa çalışır. Həm dövlət, həm də federasiya bu idmanın daha da yuxarılara qalxması üçün böyük əmək sərf edir.

- Dünya çempionatına necə hazırlaşacaqsınız?
- Mən yay mövsümündə hazırlıq üçün çox yer axtardım. Düzünü desəm, dili bir qədər zəif bildiyim kimi, ölkənin coğrafi quruluşu ilə də az tanışam. Uzun müddət soraqlayandan sonra belə bir yerin olduğunu bildim, Qəbələni seçdim, gedib baxdıqda xoşuma gəldi. Dünya çempionatı kimi məsul yarışa ölkə daxilində hazırlaşmaq çox vacibdir. Burada hər şey bizimdir. Kənarda isə heç kim bizə kömək etməyəcək. Tezliklə daha bir bazaya dağlıq ərazidə də malik olmaq istərdik. Çünki dağlarda olan hazırlıq yüksək nəticələrə böyük təkan verir.