Daha bir güləşçimiz Avropa çempionu oldu - YENİLƏNİB
03.07.2009 - 21:58
Daha bir güləşçimiz Avropa çempionu oldu - YENİLƏNİB
Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunan gənc güləşçilərin Avropa çempionatında yunan-Roma növündə mübarizə başa çatmaq üzrədir. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası bu gün 4 medal qazana bilər. Bunlardan birinin əyarının qızıl, digərlərinin isə bürünc olacağı gözlənilir.

50 kq
Xurşud Babaşov ən yaxşı halda, fəxri kürsünün üçüncü pilləsinə qalxa bilər. Çünki o, ilk görüşdə gürcüstanlı Mindia Tsulukidzeyə uduzub. Rəqib finaladək irəlilədiyindən, Xurşud təsəlliverici mərhələyə qatılmaq şansına yiyələnib. Güləşçimiz bu mərhələdə əvvəlcə Əliulla Yafunyayevi, sonra isə Sarkis Xaçatryanı (Ermənistan) yenərək, bürünc medal qazanıb.

60 kq
Bu çəki dərəcəsində isə Həsən Əliyev qitə çempionu olmağa çox yaxındır. Həmyerlimiz ardıcıllıqla Mixal Novak (Çexiya), Razvan Kristinel Motoy (Rumıniya) və Rəhman Bilicini (Türkiyə) məğlub edərək, finala yüksəlib. Həlledici mərhələdə Əliyev Gürcüstan idmançısı Arçil Turmanidze ilə güləşəcək. Yerli publikanın dəstəyinə baxmayaraq, həmyerlimiz rəqibini məğlub edərək, Avropa çempionu olub.

74 kq
Elməddin Abdullayevin də ümidi bürünc medaladır. Hərçənd, onun çempionatda debütü yaxşı alınmışdı. Təmsilçimiz ermənistanlı Rafik Manukyanı yarışdan kənarlaşdırmışdı. Lakin növbəti görüşdə İvaylo Saykova (Bolqarıstan) uduzan Elməddin təsəlliverici mərhələdə iştirak edəcək. Həmyerlimiz bürünc medal uğrunda ilk cəhdində Taemu Pihayarvini (Finlandiya) yenib. Lakin o, Ruslan Aleksenkoya (Ukrayna) uduzaraq, mükafatçılar sırasına düşə bilməyib.

96 kq
Həmçinin, Səbuhi Hümbətov da bürünc medal qazana bilər. O, birinci görüşdə məğlubiyyətə düçar olub. Bəxti gətirdiyindən təsəlliverici mərhələyə qatılmaq şansı yaxalayıb. Bu mərhələdə onun rəqibi rusiyalı Tural Əzimovdur. O, bürünc medal uğrunda görüşdə Əzimovu, ardınca isə Musa Akcanın (Türkiyə) kürəyini yerə vurub.

Xatırladaq ki, dünən yunan-Roma güləşçilərimizdən Orxan Əhmədov (55 kq) qızıl, Murtuza Tağıyev (84 kq) isə gümüş medala sahib çıxıb.

Sərbəst güləşçilərimiz iyulun 4-5-də döşək üzərinə çıxacaqlar.