Milli komandamız Avropa çempionu oldu
06.07.2009 - 10:14
Milli komandamız Avropa çempionu oldu
Macarıstanın Debretsen şəhərində paralimpiyaçı cüdoçular arasında keçirilən Avropa çempionatı yekunlaşıb. Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 11 cüdoçumuzun qatıldığı yarışda 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışıq.

Belə ki, Ramin İbrahimov (60 kq), Rövşən Səfərov (81 kq), Kərim Sərdarov (100 kq) və İlham Zəkiyev (+100 kq) qitə çempionu olublar. 90 kq çəki dərəcəsində qüvvəsini sınayan Tofiq Məmmədov yalnız finalda uduzaraq, gümüş medala sahib çıxıb. Natiq Novruzzadə (73 kq) isə 3-cü yeri tutub.

Bundan başqa, Azərbaycan yığması komanda hesabında da böyük uğura imza atıb. Komandamız bütün rəqiblərini, o cümlədən finalda Rusiyanı 3:2 hesabı ilə məğlub edərək, Avropa çempionu tituluna layiq görülüb.