Ağır Atletika Federasiyasında fikir ayrılığı: Nəzərov postundan getmir
06.07.2009 - 14:16
Ağır Atletika Federasiyasında fikir ayrılığı: Nəzərov postundan getmir
“İndiyədək yığmanın baş məşqçisi işləyirəm və işləyəcəyəm də. Məni baş məşqçi postuna Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov və gənclər və idman naziri Azad Rəhimov təyin edib. Əgər onlar lazım bilsələr, məni çağırıb, vəzifəmdən getmək lazım olduğunu söyləyəcəklər”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycanın ağır atletika üzrə milli komandasının baş məşqçisi, eyni zamanda Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Vahid Nəzərov deyib.

Bolqarıstanlı Yanko Rusevin baş məşqçi vəzifəsinə təyin edilməsindən xəbərsiz olduğunu bildirən Nəzərov vurğulayıb ki, yığmadan uzaqlaşdırılması düzgün deyil: “Milli komandaya əcnəbi məşqçinin gətiriləcəyi ilə bağlı məlumatlardan ancaq mətbuat vasitəsilə xəbər tuturam. Federasiya daxilində isə belə fikir yoxdur. Onların əcnəbi mütəxəssislə anlaşmaq istəkləri olsaydı, bunu bilərdim. Axı, mən özüm də federasiya rəhbərliyində yer alıram”.

O, federasiyanın baş katibi İsmayıl İsmayılovun Rusevin təyinatı xəbərini təsdiqləməsinə belə münasibət bildirib: “Bu, İsmayıl müəllimin şəxsi fikridir”.

Həmçinin, Nəzərov yığmamızın ən yaxşı nəticələrə 2012-ci il London Olimpiadasında imza atacağını nəzərə çatdırıb: “Özümü zəif saysaydım, çoxdan baş məşqçilikdən gedərdim. Ölkəmizdə ağırlıqqaldırmanın inkişafında mənim də rolum var. Mənim işim göz qabağındadır. Yazda Avropa çempionatından parlaq qələbə ilə qayıtdıq. Tədricən uğurlarımız çoxalacaq. Çünki mənim iş üslubum belədir. London Olimpiadasında böyük nailiyyətlər qazanacağıq”

Xatırladaq ki, bir sıra idman məmurlarımızla bərabər, Bolqarıstan mətbuatı da Yanko Rusevin Azərbaycan yığmasına baş məşqçi təyin olunduğunu təsdiqləyib. Hətta olimpiya çempionu ilə 2012-ci ilədək müqavilə imzalandığı da bildirilir.