Bakıda boks üzrə dünya çempionatı
11.12.2009 - 15:22
Bakıda boks üzrə dünya çempionatı
Boks üzrə 2010-cu il gənclər arasında dünya çempionatı Bakıda keçiriləcək. Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.

Abiyevin sözlərinə görə, bu haqda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vunun ölkəmizə səfəri zamanı razılıq əldə olunub. Dünya çempionatı gələn il 20-30 apreldə baş tutacaq. Yarışın “Sərhədçi” İdman Kompleksində təşkil ediləcəyi gözlənilir: “Bu kompleksin idman zalı 2500-dək tamaşaçı tutumuna malikdir. Hazırda AİBA Prezidenti Kuboku “Sərhədçi”də keçirilir. Bu zal qonaqlarımızın xoşuna gəlib. Yəqin ki, dünya çempionatı elə “Sərhədçi”də olacaq”.

Yarış 17-18 yaşlı boksçular arasında təşkil olunacaq və 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq: “Boksda yeniyetmələrin yaş kateqoriyası 15-16, gənclərdə isə 17-18-dir. Yeniyetmələrin Yay Olimpiya Oyunları da məhz 14 – 18 yaşlılar arasında olacaq. Ona görə də boks üzrə gənclərin dünya çempionatından yeniyetmələrin olimpiadasına lisenziya qazanılması təəccüblü görünməməlidir”.

Dünya birinciliyi 11 çəki dərəcəsi üzrə yalnız oğlanlar arasında baş tutacaq. Hər çəkidə ilk 4 yeri tutacaq boksçular olimpiadaya lisenziya qazanacaqlar. Amma bu zaman bir ölkənin 3-dən artıq boksçusunun olimpiadaya yollanmasına icazə verilməyəcək. Sinqapurda ümumilikdə hər çəkidə 6 nəfər olmaqla, 66 boksçu mübarizə aparacaq. Bakıda keçiriləcək dünya çempionatında 44 boksçuya lisenziya veriləcək. Qalan 22 vəsiqənin sahibini AİBA ilə Beynəlxalq Olimpiya Komitəsi müəyyənləşdirəcək.

Qeyd edək ki, gənclər arasında dünya çempionatı əslində 2010-cu ilin 15 – 25 aprelində Fransanın Kale şəhərində keçirilməli idi. Lakin Abiyevin sözlərinə görə, Fransa Boks Federasiyası maliyyə böhranı ilə əlaqədar təşkilatçılıqdan imtina edib. Azərbaycan Boks Federasiyası isə bu yarışı keçirməkdə heç bir problem görməyib.