Təzə bəy Azərbaycan Kubokuna qatılmır - FOTO
17.12.2009 - 21:19
Təzə bəy Azərbaycan Kubokuna qatılmır - FOTO
Yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov dekabrın 18-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək Azərbaycan Kubokuna qatılmayacaq. Bu haqda Lent.az-a Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, Mansurov yenicə ailə qurduğu üçün yarışdan azad edilib: “Fəridin toyu dekabrın 9-da olub. Bu səbəbdən, onu qarşıdakı yarışdan azad etmişik. Qalan aparıcı pəhləvanlarımızın hamısı Azərbaycan Kubokunda mübarizə aparacaqlar”.

Cəfərov yarışın məhz 8 min tamaşaçı tutumuna malik Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkilinə aydınlıq gətirib. Federasiya rəsmisi bunu iki səbəblə əlaqələndirib: “Əvvəla, güləş yarışlarını müntəzəm keçirdiyimiz Bakı İdman Sarayında dekabrın 18-də futzal üzrə beynəlxalq turnir start götürəcək. Digər tərəfdən, gələn ilin aprelində baş tutacaq Avropa çempionatı məhz İdman-Konsert Kompleksində olacaq. Nüfuzlu yarış öncəsi güləşçilərimizin həmin arenaya uyğunlaşmaları və özlərini necə göstərmələri baxımından, Azərbaycan Kuboku üçün məhz bu məkanın seçilməsi mühüm əhəmiyyətə malikdir. Ona görə də İdman-Konsert Kompleksinə üstünlük verdik”.

AGF rəsmisi mükafat fondunu da açıqlayıb. Onun sözlərinə görə, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan Kubokunda hər çəki dərəcəsinin qaliblərinə 4 min manat veriləcək. Finalçılar 2 min manat, bürünc mükafatçılar isə 1000 manat mükafat alacaqlar.

Qeyd edək ki, yarışın ilk günündə sərbəst güləşçilər 55 kq, 66 kq, 84 kq və 120 kq çəki dərəcələrində qalib və mükafatçıları müəyyənləşdirəcəklər. Ertəsü gün sərbəst güləşçilər 60 kq, 74 kq və 96 kq, yunan-Roma güləşçiləri 55 kq və 60 kq çəkilərdə mübarizəyə qoşulacaqlar. Yarışın sonuncu günü – dekabrın 20-də isə 60 kq, 74 kq, 84 kq, 96 kq və 120 kq çəkilərdə yunan-Roma güləşçiləri çıxış edəcəklər. Pəhləvanların öz çəkilərindən 2 kq-dək artıq çəki ilə güləşmələrinə icazə veriləcək.

Açılış mərasimi dekabrın 18-də saat 17.00-da baş tutacaq. İlkin və təsəlliverici görüşlər hər gün saat 10.00-da, final görüşləri isə 17.00-da başlayacaq.
0