Yığmamızın baş məşqçisi: Biz hələ yatmışıq...
15.02.2010 - 16:34
Yığmamızın baş məşqçisi: Biz hələ yatmışıq...
“Ötən ilin payızında keçirilən dünya çempionatından sonra cüdoçularımız heç bir təlim-məşq toplanışında iştirak etməyiblər. Belə olan halda, necə nəticə qazanmaq olar?” Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan cüdo yığmasının baş məşqçisi Ağayar Axundzadə deyib.

Təcrübəli mütəxəssis bildirib ki, maliyyə çatışmazlığı ucbatından cüdoçularımızın hazırlıq səviyyəsi aşağı düşüb: “4-5 ay təlim-məşq toplanışlarına qatılmayandan sonra necə uğur əldə etmək mümkündür? Yığma üzvləri son bir ayda iki Dünya Kuboku və bir “Böyük Dəbilqə” turnirində mübarizə aparıblar. Təbii ki, nəticələrdən narazıyam. Həm nazirlikdə, həm də federasiyada bizdən nəticə tələb edirlər. Soruşurlar ki, Fransada “Böyük Dəbilqə” turnirində niyə medal qazana bilmədik? Bəzi insanlar bizi başa düşmürlər”.

Axundzadənin fikrincə, milli komandamız 2012-ci il Yay Olimpiya Oyunlarının hazırlığına xeyli yubanıb: “Lisenziya yarışlarında bizə çox çətin olacaq. Artıq bir sıra ölkələr hətta 2016-cı il Yay Olimpiya Oyunlarının hazırlığına başlayıb. Ancaq biz hələ yatmışıq...”

Qeyd edək ki, 2008-ci il Pekin Olimpiadasının təsnifat turnirlərində Ağayar Axundzadənin 6 yetirməsi lisenziya qazanmışdı. Həmin 6 cüdoçudan 2-si - Elnur Məmmədli və Mövlud Mirəliyev Çin paytaxtından müvafiq olaraq, qızıl və bürünc medallar gətirmişdilər.