İdmançımız dünya çempionatına buraxılmadı
02.03.2010 - 18:01
İdmançımız dünya çempionatına buraxılmadı
Azərbaycanlı sprinter Ramil Quliyev martın 12-də Qətərin paytaxtı Dohada start götürəcək atletika üzrə dünya çempionatına qatılmayacaq. Bu haqda Lent.az-a yığma komandamızın baş məşqçisi Məhərrəm Sultanzadə məlumat verib.

Onun sözlərinə görə, 20 yaşlı idmançımız ötən il yayda keçirilən bütün nüfuzlu yarışlara qatıldığı üçün qış mövsümünün dünya çempionatından azad edilib. Quliyev 26 iyul – 1 avqustda İspaniyanın Barselona şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşır. Qitə çempionu olacağı halda, atletimiz Avropa yığmasının üzvü kimi 4-5 sentyabrda Xorvatiyanın Split şəhərində təşkil ediləcək Dünya Kubokunda mübarizə aparacaq.

Dohada martın 14-dək davam edəcək dünya çempionatına isə Hayle İbrahimov və Layeş Abdullayeva aparılacaq. Onların hər ikisi 3000 metr məsafəyə qaçışda qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Ramil Quliyev 2009-cu ilin avqustunda Almaniyanın paytaxtı Berlində keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda finaladək irəliləyib. O, 3 qat olimpiya çempionu Useyn Boltun da qatıldığı final yürüşündə 7-ci yeri tutub. Quliyev Avropa atletləri arasında isə ən yüksək nəticəni göstərib.
0