Nizami Paşayev Bolqarıstana getmir
04.03.2010 - 13:57
Nizami Paşayev Bolqarıstana getmir
Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandası martın 6-da Bolqarıstanın Şumen şəhərinə təlim-məşq toplantısına yollanacaq. Lent.az-ın xəbərinə görə,18 gün davam edəcək toplanış 2 – 11 apreldə Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.

Yığmamızın bolqarıstanlı baş məşqçisi Yanko Rusev vətəninə 10 ağırlıqqaldıran – Sərdar Həsənov, Zülfüqar Süleymanov, Namiq Cəmilov, İntiqam Zairov, Rövşən Fətullayev, Zaur Abdullayev. Azər Mustafayev, Nailxan Nəbiyev, Əfqan Bayramov və Tornike Kokayanı aparacaq.

Daha təcrübəli atletlərimiz – Turan Mirzəyev və Nizami Paşayev isə Bolqarıstan toplanışına qatılmayacaqlar. Mirzəyev belindəki zədələrlə əlaqədar Avropa çempionatını da buraxacaq. O, 18 – 30 sentyabrda Türkiyənin Antalya şəhərində baş tutacaq dünya çempionatında çıxış etmək niyyətindədir. Paşayev isə baş məşqçisi olduğu yeniyetmələrdən ibarət yığmamızla birgə Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplantısında olub. İkiqat dünya çempionu Avropa çempionatında çıxış edəcək, amma o, yarışa fərdi qaydada hazırlaşacaq.

Qeyd edək ki, Nizami Paşayev 2006-cı il Avropa çempionatında qızıl medal qazanıb. Amma orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapıldığı üçün 2 illik diskvalifikasiya edilib və qızıl medaldan məhrum olub.
0