APA və onun sportu
05.03.2010 - 11:03
APA və onun sportu
Bu gün İxtiyarın bizim otaqdan çıxıb getdiyi vaxtdan üç il ötür. İxtiyar gedəndə öz içimdə artıq APA-ya ilk zərbənin dəydiyini düşünürdüm. Mənə elə gəlirdi ki, istedadlı idman yazarı olan həmkarım məhz bu mövqedə güclüdür və ayrıca idman agentliyinin yaranmasına heç bir ehtiyac yoxdur. Adətən jurnalistlər spesifik yazar kimi formalaşır və yazdıqları sahədə daha çox tanınırlar. Bu baxımdan, Azərbaycanda idmandan yazan jurnalistlər, həmişə ümumi jurnalistikanın içində ayrıca bir qövm kimi fəaliyyət göstərib, öz işlərindən başqa heç nə ilə maraqlanmayıblar. Açığı, heç yaradıcı cameənin özünü də idmandakıların nə yazdığı, indi harada olmaları haqda məsələlər elə də ciddi düşündürməyib. Burada əsasən, oxucunu bizdəkindən fərqli olaraq xəbəri hansı media qurumunun yayması, yazının altında hansı jurnalistin imzasının olmasından daha çox, oyunun hansı hesaba bitməsi maraqlandırıb. Bu mənada, idman jurnalistləri həmişə hesabda geri qalıblar...

Yalnız istisna hallarda idman jurnalistlərinə rast gəlmək olar ki, onun imzası təkcə meydan azarkeşlərini deyil, söz azarkeşlərinin də gözlədiyi bir şey olsun. Bu planda təkcə Adil Qaçayoğlunun adını çəkmək bəs edər. Azərbaycan jurnalistikası hələ də Adil Qaçayoğlunun vurduğu “qolları” unutmayıb...

APA yaranandan səngər yoldaşım olan və az qala hər gün dəqiq zərbələrinin şahidi olduğum İxtiyar Əsgərovun məhz bu mənada getməyini istəmirdim. Hətta bu gediş uğura aparan yol olsa da. Təkcə bir faktı açıqlamaq istəyirəm. İxtiyarın APA-da yazdığı idman xəbərləri, aldığı müsahibələr, çox vaxt bizim siyasi mövzudakı yazılarımızı üstələyərək manşetlərə çıxıb. İdman İxtiyarın sözünün mənasında ictimailəşib...

Bu gün həm də İxtiyarın bizim yanımızdan gedəndən sonra otaqlarından birinə çəkilib APA-nın ayrıca idman portalını, “Apasport”u yaratmasından üç il ötür. Ötən üç ildə “Apasport”un necə işləməyini təkcə bu müddətdə idman jurnalistikasında yaranan canlanmadan da görmək olar. Ən azı ona görə sevinməyə dəyər ki, “Apasport”dan sonra Azərbaycanda adında sport olan çoxlu sayda portallar, agentliklər ortaya çıxıb. Elə təkcə bu faktın özü “Apasport”un hər zaman formada olan kollektivinin böyük xidməti sayılmalıdır və belə məqamda onların haqında yazmaq yersiz çıxmır. Çünki onların yeri var və bu yer milyonların gözünü zillədiyi meydandadır...

Bir də mən İxtiyarı və onun komandasını bu üç ildə ən azı adlarının əvvəlindəki üç doğma hərfi doğrultduqlarına görə təbrik eləmək istəyirəm...

Həmişə meydanda görmək arzusu ilə.

Elbrus Ərud, APA.
[email protected]
http://lent.az/news.php?id=24840
0