“Onlar Azərbaycandan qisas almaq üçün alışıb-yanırlar”
05.03.2010 - 18:42
“Onlar Azərbaycandan qisas almaq üçün alışıb-yanırlar”
“Püşkün nəticəsi normaldır. Qrup qalibi olmaq şansımız var. Ötən il İranda Dünya Kubokunun finalında məhz yerli komandanı məğlub etdiyimizdən, onların revanş hissi ilə alışıb yandıqları dəqiqdir. Bu səbəbdən də iranlılar bu dəfəki Dünya Kubokuna əsas heyətlərini gətiriblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Maqomed Aliomarov deyib.

Martın 6-7-də Rusiyanın paytaxtı Moskvada təşkil olunan Dünya Kubokunun püşkatması barədə fikirlərini bildirən Aliomarov iddialı danışıb: “Bizim yarışa hətta əsas heyətlə qatılmamağımıza baxmayaraq, İranı yenə də məğlub etmək iqtidarındayıq. Düşünürəm ki, qrupda birinci yeri tutmaq üçün əsas mübarizə məhz bizimlə İran arasında gedəcək. Amma təbii ki, Özbəkistan və ABŞ-a da hörmətlə yanaşırıq. Digər qrupda Rusiyanın birinci yeri tutacağına şübhə etmirəm. Hər halda finala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, milli komandamız B qrupunda İran, ABŞ və Özbəkistanı sınağa çəkəcək.
0