Rusiya FİLA-nı “barmağına doladı”
07.03.2010 - 12:26
Rusiya FİLA-nı “barmağına doladı”
Martın 6-da Rusiyanın paytaxtı Moskvada sərbəst güləş üzrə Dünya Kuboku start götürüb. Lent.az-ın məlumatına görə, 8 ölkənin qatıldığı yarışın ilk günündə 2 tur keçirilib.

Halbuki, Dünya Kubokunun turnir öncəsi açıqlanan proqramında gün ərzində 3 turun təşkili göstərilib. Buna Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti də şərait yaradıb. Rusiya İdman Güləşi Federasiyası (FSBR) Dünya Kuboku kimi mötəbər yarışın nüfuzuna hələ startı öncəsi xələl gətirməyə başlayıb. FİLA turnirin Mahaçqala şəhərində təşkili haqda qərar çıxarsa da, FSBR əvvəlcə Xasavyurta, sonra isə Moskvaya keçirib. Martinetti isə heç nə olmayıbmış kimi bu günkü açılış mərasimində çıxış edərkən, 2011-ci ildə də Dünya Kubokunun təşkilatçılıq hüququnu Rusiyaya həvalə edəcəyinə söz verib. Amma o, yarışın Moskvada deyil, Mahaçqalada baş tutacağını bildirib.

İlk 2 turun nəticələrinə gəlincə, B qrupunda yer alan Azərbaycan yığması ötən il Dünya Kubokunun finalında yendiyi İrana bu dəfə uduzub - 2:5. Pəhləvanlarımızdan Zəlimxan Hüseynov (60 kq) və Xetaq Qazyumov (96 kq) qələbə qazansa da, Yaşar Əliyev (55 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq) və Əli İsayev (120 kq) məğlub olub. Özbəkistanla qarşılaşmada isə komandamız qələbə qazanıb: 6:1. Bu dəfə yalnız Toxtar Temrezov (120 kq) yenilib. Qrupun digər görüşlərində ABŞ Özbəkistanı 5:2 hesabı ilə yensə də, İrana eyni hesabla uduzub. Beləliklə, İran yığması qrup lideri kimi finala vəsiqəni böyük ölçüdə təmin edib.

A qrupunda yer alan Rusiya Belarusu 4:3, Ukraynanı isə 6:1 hesabı ilə məğlub edib. Bununla yanaşı, Türkiyə Ukrayna və Belarusa eyni hesabla uduzub - 3:4. Son turda Türkiyə ilə keçirəcəyi qarşılaşmanın nəticəsindən asılı olmayaraq, Rusiya finala vəsiqəni təmin edib.

Martın 7-də 3-cü turun görüşləri, eləcə də 7-ci, 5-ci, 3-cü yer uğrunda və final qarşılaşmaları keçiriləcək. Azərbaycan millisi ABŞ-la qarşılaşacaq.
0