İdmançımıza 11 il həbs istənildi
15.03.2010 - 14:54
İdmançımıza 11 il həbs istənildi
Martın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda təqsirləndirilən qaydasız döyüş üzrə Avropa çempionatının mükafatçısı Azad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Azad Məmmədovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses müdafiə tərəfinin çıxışları ilə davam etdiriləcək.

İttihama görə, Məmmədov Şəkilə Zeynalovanın 26 500, Gülnarə Yusifovanın 75 min və Sahibə Həsənovanın 22 min ABŞ dollarını alaraq mənimsəyib. A. Məmmədov AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, Məmmədov 2009-cu il aprelin 14-də Şəki rayonunun Qoxmuq kəndində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəki Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Məmmədovun Qoxmuq kəndində yerləşən evində axtarış aparılan zaman evdən bir ədəd "Vinçester" tipli silah, bir ədəd "Tir" tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.

Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı olub.
0