“Bəlkə də bu, alın yazısıdır” - MÜSAHİBƏ
16.03.2010 - 15:01
“Bəlkə də bu, alın yazısıdır” - MÜSAHİBƏ
Taekvondo üzrə gənclər arasında dünya çempionu Aydın Bəhmalovun Lent.az-a müsahibəsi

- Əvvəlcə özün haqda məlumat verərdin...
- Mən 1993-cü il mayın 15-də Gürcüstanın paytaxtı Tiflisdə anadan olmuşam. Özümüz azərbaycanlıyıq. Sonradan ailəliklə Bakıya köçmüşük. 2004-cü ildə “Azəri” klubunda məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında taekvondo ilə məşğul olmağa başlamışam. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionu, gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı olmuşam. Böyüklər arasında ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibiyəm.

- Məhz bu idman növünü seçməyinə səbəb nə oldu?
- Valideynlərim, xüsusən, anam çox istəyirdi ki, taekvondoçu olum. Amma bundan əvvəl kikboksinq, kunq-fu ilə də məşğul olmuşam. Olimpiya növü olduğu və daha çox xoşumuza gəldiyi üçün taekvondonu seçdik.

- Meksikanın Tixuana şəhərində 2 yarışda çıxış etsən də, yalnız 1-də yüksək nəticə göstərə bildin. Bunu nə ilə əlaqələndirərdin?
- İlk yarış Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri idi. Lisenziya qazanmaq mənə qismət olmadı. Əvəzində dünya çempionu oldum. Finalda məhz olimpiadaya lisenziya qazanan iordaniyalı Yazan Əl-Sadiqi uddum. 2008-ci ildə Türkiyənin İzmir şəhərində keçirilmiş dünya çempionatında ona 4:5 hesabı ilə uduzmuşdum. Dünya çempionu adını isə məhz o qazanmışdı. Amma bu dəfə 7:4 hesabı ilə qalib gəldim. Olimpiya lisenziyalı yarışda elə ilk görüşdəcə uduzmağıma gəlincə, yəqin, qismət deyildi. Amma Allah mənə dünya çempionluğunu qismət elədi. Bəlkə də bu, alın yazısıdır.

- Amma Sinqapur olimpiadasına lisenziya şansların hələ itməyib...
- Bəli. Ümumdünya Taekvondo Federasiyası tərəfindən 4 idmançıya lisenziya hədiyyə olunacaq. Ola bilsin, dünya çempionu adını qazandığım üçün Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak hüququ verildi.

- Bəs böyüklər arasında nüfuzlu yarışlara nə vaxt qatılmaq fikrindəsən?
- Gənc olduğuma baxmayaraq, iki ildir ki, böyüklərin yarışlarında çıxış edirəm. Bu kateqoriyada ən ciddi sınağım 1 – 5 mayda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Avropa çempionatı olacaq. İnşallah, həmin yarışda da uğurla çıxış etmək üçün əlimdən gələni edəcəyəm.

- Qarşıdakı planların nədən ibarətdir?
- Lisenziya versələr, Sinqapur olimpiadasına hazırlaşacağam. İlin sonunadək bir neçə yarışda da qüvvəmi sınamaq niyyətindəyəm.

- 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak haqda düşünmürsən?
- London olimpiadasına lisenziya turnirlərindən biri 2011-ci ildə Bakıda olacaq. Qismət olsa, iştirak edəcəyəm. Görək də... Hələ hər şey qabaqdadır.
0